Millimizin futbolçusu Bakıya gəlməkdən imtina etdi

  • Space TV
  • 26 Avqust 2020 13:36

Millimizin futbolçusu Dmitri Nəzərov yığmamızın 31 avqust – 8 sentyabr tarixlərində keçiriləcək hazırlıqlarına qoşulmayacaq.

Spacetv.az xəbər verir ki, bu barədə Alman Press Agentliyinə (DPA) 30 yaşlı futbolçu deyib.

Almaniyanın “Ertsqebirqe” klubunda forma geyinən yarımmüdafiəçi koronavirus səbəbindən Bakıya uçmayacağını bildirib:

“Mən millidən dəvət aldım, amma uçmayacağam. Koronavirusa yoluxma halları çoxdur, Azərbaycan risk zonasındadır, təhlükəsizlik hər şeydən öndədir, uçuşlar isə elə asan başa gəlmir. Ona görə də millinin baş məşqçisi ilə belə qərara gəldik ki, bu dəfə mən evdə qalım”.

Dmitri Nəzərov oktyabrda yığmaya qayıdıb-qayıtmaması ilə bağlı verilən suala isə belə cavab verib:

“Situasiya bir az düzəlsə, qayıda bilərəm”.

Yeri gəlmişkən, AFFA da bu məsələyə aydınlıq gətirib. AFFA-nın yaydığı xəbərdə belə deyilir:

“Azərbaycana səfər etdikdən sonra Almaniyada bir müddət karantinə cəlb olunacağı üçün futbolçu millimizin baş məşqçisi Canni De Byaziyə müraciət edib və qarşılıqlı razılıq əsasında D.Nəzərovun millinin toplanışında iştirak etməməsi barədə qərar qəbul olunub.

UEFA bu tip məsələlərin hər hansı problem yaranmadan həll olunması ilə bağlı üzvü olan bütün milli assosiasiyalara xüsusi tövsiyələrini bildirib və bunun əsasında AFFA tərəfindən Almaniya Futbol İttifaqına müvafiq qaydada müraciət ünvanlanacaq”.

Qeyd edək ki, futbol millimiz sentyabrın 5-də Bakıda Lüksemburq, sentyabrın 8-də səfərdə Kipr yığmaları ilə qarşılaşacaq. Hər iki görüş UEFA Millətlər Liqasının C divizionu çərçivəsində baş tutacaq.

Paylaş

 Xəbəriniz olsun