Milli qəhrəmanın heykəli ucaldılıb

  • SpaceTV
  • 9 Sentyabr 2019 11:46

Milli Qəhrəman Albert Aqarunovun dağların arasından tankı ilə çıxması təsvir olunub. Heykəl elə Albert Aqarunovun adına olan küçədə ucaldılıb.

Paytaxtın Nərimanov rayonu ərazisində Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş heykəl ucaldılıb.

Layihə Ömər Eldarovun rəhbərliyi ilə Azərbaycan Rəssamlıq Akademiyasının Heykəltəraşlıq kafedrasının müəllimləri Zamik Rzayev və Rahib Qarayev tərəfindən hazırlanıb. Müəllimlər bildirir ki, onlar Albert Aqarunovun heykəlini ucaltdıqlarına görə böyük fəxr hissi keçirirlər.

Maraqlı və əzəmətli formada ərsəyə gələn heykəl hər kəsin   diqqətini cəlb edir. Hələ açılışın olmamasına baxmayaraq  artıq buranı ziyarət edənlər də var. Bu da insanların  Milli qəhrəmanlarımıza verdiyi dəyərin bariz nümunəsidir.

Məlumat üçün bildirək ki,  Milli Qəhrəman 1969-cu il aprelin 25-də Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub. Albert Aqarunov 1992-cu il may ayının 8-i Şuşa uğrunda gedən döyüşdə düşmən  gülləsinə tuş gəlib və döyüş meydanında qəhrəmancasına həlak olub.

Qeyd edək ki, milli qəhrəmanın vaxtilə təhsil aldığı 154 nömrəli məktəb onun adını daşıyır. 2017-ci ildə Albert Aqarunovun Suraxanı rayonunun Əmircan qəsəbəsində yaşadığı binada xatirə lövhəsinin açılış mərasimi də  keçirilib. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 883 saylı fərmanı ilə Aqarunov Albert Aqarunoviç ölümündən sonra “ Azərbaycan Milli Qəhrəmanı “ adına layiq görülüb.

Lalə Ülvüqızı – Space

Paylaş

 Xəbəriniz olsun