Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

  • Space TV
  • 9 Fevral 2021 17:35

Fevralın 9-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin onlayn formatda növbəti iclası keçirilib. 

İclasda Ailə Məcəlləsində və Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri müzakirə olunub. 

Gündəlikdəki birinci məsələ barədə məlumat verən Hicran Hüseynova diqqətə çatdırıb ki, cənab Prezidentin 2018-ci ildə “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərmana əsasən Ailə Məcəlləsinin övladlığa götürmə ilə bağlı müddəaları təkmilləşdirilmiş və bu sahədə xidmətlərin aparılması üçün elektron idarəetmə sistemi yaradılmışdır. Ailə Məcəlləsinə təklif edilən dəyişikliklər isə övladlığa götürmə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə olacaq və əsas məqsəd uşaqların hüquq və maraqlarının qorunması, onların sağlam ailə mühitində böyüməsi üçün etibarlı zəmin yaratmaqdır. 

Dəyişikliyə görə, uşaqları övladlığa götürmək istəyən qohumları üçün övladlığa götürmə proseduru asanlaşdırılır, bəzi prosedurlar aradan qaldırılır. 

Layihə birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Sonra komitə sədri Hicran Hüseynova gündəliyin ikinci məsələsi barədə məlumat verərək bildirib ki, Mülki Prosessual Məcəlləyə təklif olunan dəyişiklik (birinci oxunuş) uyğunlaşdırma xarakteri daşıyır və qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir. Bu qanun layihəsi də birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.

Paylaş

 Xəbəriniz olsun