Mikayıl Cabbarov: “Tender prosedurlarında şəffaflıq tam təmin edilməyib”

  • Space TV
  • 12 Fevral 2021 13:48

Qarşıdakı dövrdə yeni özəlləşdirmə proqramının həyata keçirilməsini nəzərdə tuturuq. Birbaşa xarici investisiyaların təşviqi mexanizminin təkmilləşdirilməsi, eyni zamanda dövlət investisiya proqramları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində genişləndirilməlidir.

Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Postpandemiya dövründə vergi sistemi” ilə bağlı keçirilən konfransda deyib.

Onun sözlərinə görə, növbəti mühüm məqam dövlət müəssisələrinin səmərəliliyinin artırılmasıdır:

“Bəzi dövlət şirkətlərində bugünkü fəaliyyət günün tələblərinə cavab vermir. Bir sıra hallarda idarəetmənin effektivliyi aşağıdır, fəaliyyət sahələri, şirkətlərin xərcləri, tender prosedurları sahələrində şəffaflıq tam təmin edilməyib. Həmin şirkətlər büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynamalı olduğu halda çox zaman zərərlə çalışırlar. Bu sahədə ciddi islahatlar artıq həyata keçirilir. Bu isə dövlət şirkətlərinin effektivliyinin artmasına, onların ciddi bazar dəyərinə nail olunmasına gətirib çıxarmalıdır”.

Mikayıl Cabbarov qeyd edib ki, dövlət şirkətlərinin borclanmalarına nəzarətin gücləndirilməsi, dövlət büdcəsinə dividend ödənişlərin artırılması hədəf kimi qarşımızda durur. Nazir əlavə edib ki, 2020-ci ildə yaradılmış Azərbaycan İnvestisiya Holdinqi hazırda bu sahədə çalışır.

Paylaş

 Xəbəriniz olsun