Masallıda zəhərli ilanlar yaşayış evinə hücum edib

  • SpaceTV
  • 2 İyun 2020 13:36

Dünən axşam saatlarında rayonun Rüdəkənar kənd sakini İlham Əkbərova məxsus evi ilanlar basıb.

Yuxuları ərşə çəkilən Əkbərovlar ailəsi dünəndən müxtəlif təsərrüfat alətləri ilə evlərini mühafizə edirlər. Artıq 17 ilanı zərərsizləşdirilib. Ən iri ilanın uzunluğu 1.3 metrə çatır. Kənd sakininin evi gölə yaxın yerləşir. 25 ildir sözügedən ərazidə yaşayan İlham Əkbərov deyir ki, əvvəllər də həyətyanı sahədə belə hadisələr olub, İndi isə zəhərli ilanlar evə hücum ediblər, hətta yuva qurublar.

Lakin sürünənlərin dəfələrlə öldürülməsinə baxmayaraq hələ də təhlükə sovuşmayıb. Bir neçə gündür, havaların isti keçməsi ilanları daha da aktivləşdirib. Məsələ ilə bağlı ev sahibi kənd icra nümayəndəliyinə, bələdiyyəyə müraciət edib. Bu gün həyətdə dezinfeksiya işləri aparılıb. Amma Əkbərovlar ailəsi hələ də qorxu içində yaşayırlar və aidiyyətı qurumlardan daha təsiredici yardım gözləyirlər.

Rövşən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun