Masallıda yazlıq kartof əkininə başlanıb.

  • SpaceTV
  • 18 Yanvar 2020 16:05

Cənub bölgəsində yazlıq kartof əkini üçün ən münasib vaxt yanvar və fevral aylarıdır. Masallılı fermerlər hava şəraitinin yaratdığı fürsətdən istifadə edərək əkini daha da sürətləndiriblər. Əsasən rayonun Təzə Alvadı, Təklə və Ləngan kənd ərazisində kütləvi kartof əkininə başlanılsa da, bu ildən başlayaraq ilk dəfə Şərəfə kənd ərazisində də kartof əkilir.

Maraqlısı ondadır ki, müasir texnikaların olmasına baxmayaraq, Masallıda kartof əkinini hələ də at və xışla aparırlar. Çünki əkin işləri daha ucuz başa gəlir.

Əkin yerlərindən yüksək keyfiyyətli məhsul götürmək üçün əkindən əvvəl torpağın gücləndirilməsinə də xüsusi diqqət yetirilir. Buna görə də aqrotexniki qaydalara uyğun olaraq sahələrə həm üzvü, həm də mineral gübrələr verilir. Məhsuldarlığı artırmaq üçün torpağa yüksək repreduksiyalı, Rusiyadan gətirilən toxumlar əkirlər. Əsasən Kemrov, Razara və Udaça sortlarına üstünlük verilir.

Qeyd edək ki, qış aylarında şaxtanın təsirindən qorumaq üçün yazlıq kartof 10-15 sm dərinlikdə basdırılmalıdır. Əks halda donvurma qeydə alınar, bu isə gələcəkdə məhsuldarlığın aşağı düşməsinə ciddi təsir göstərər. Ümumiyyətlə fermerlər bir hektar sahədən orta hesabla 25-30 ton məhsul gözləyirlər.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun