Masallıda koronovirusla bağlı maarifləndirmə işləri davam edir. Bunun üçün rayonda 62 mobil qrup fəaliyyət göstərir.

  • SpaceTV
  • 31 Mart 2020 14:25

Ölkəmizdə xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı Masallıda mobil qruplar yaradılıb. Rayon icra aparatının və polis şöbəsinin rəhbərliyi ayrı-ayrı vətəndaşlar arasında təbliğat işləri aparacaq mobil qrupların üzvləri ilə görüşüb. Onlara əhalinin maarifləndirilməsi üçün tövsiyə və tapşırıqlar verilib. Eləcə də, Masallının mərkəzi park və küçələrində sakinlərlə fərdi qaydada söhbətlər aparılıb. Xüsusi karantin rejiminin tələblərinə tabe olmağın vacibliyi və məsələnin ciddiliyi vurğulanıb. Bu günlərdə zəruri hallar istisna olmaqla evdən çıxmamaq məsləhət görülüb. Sakinlərə spirt və maskalar paylanılıb.

Bundan başqa, yerli əhalinin evdə qalması və xüsusi karantin rejiminin tələblərinə tabe olması üçün Masallıdakı məscidlərdən səsucaldıcı vasitələrlə çağırışlar edilir. Qeyd edək ki, maarifləndirici tədbirlər üçün icra aparatında tərkibində 170 nəfərin olduğu 62 mobil qrup yaradılıb. Bu qruplar tərəfindən gündəlik olaraq rayonunun bütün yaşayış məntəqələrində, əhalinin kompakt toplaşdığı yerlərdə müvafiq işlər görülür. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilir. Bu məqsədlə xüsusi karantin rejimi tətbiq olunandan bu günə kimi 38 minə yaxın evdə yaşayan 170 mindən çox sakinlə görüşülüb. Təbliğat, maarifləndirmə və dezinfeksiya işlərinin aparılması gün ərzində davam etdirilir.

Rövşən Almazoğlu SPACE TV.

Paylaş

 Xəbəriniz olsun