Masallıda çəltikçilik

  • SpaceTV
  • 18 Fevral 2020 14:59

Çəltik yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur. Respublikamız çəltik əkinçiliyinə görə, əsasən, 3 zonaya bölünür: Lənkəran-Astara və Masallı, Şəki-Zaqatala, Quba-Xaçmaz. Çəltikçiliyin inkişafı ilə cənub rayonlarında çəltik emalı müəssisələri fəaliyyət göstərməyə başlayıb. Masallıdakı çəltik emalı zavodu 2 ildir ki, fəaliyyətdədir və bu günədək min tona yaxın çəltik emal edilib. Zavoda daxil olan çəltik gündəlik gücü 10 ton olan ən müasir qurutma sistemi vasitəsilə qurudulur, təmizlənən düyü texnoloji qurğuda lazerlə mərhələ-mərhələ ağardılır, su ilə yuyulur və bunkerə ötürülür. Emal prosesi 7 mərhələdən ibarətdir. Son olaraq elektron tərəzidə 900 qramdan 50 kq-dək qablaşdırma aparılır.

1 ton çəltikdən 50-60 faiz, yəni 500-600 kq xalis düyü götürmək olur. Mineral gübrələrdən, kimyəvi məhsullardan çox az istifadə olunduğuna görə ekoloji təmiz məhsul sayılır. Masallıya yaxın digər rayonların kəndlərindən də təsərrüfatçılar istehsal etdikləri çəltiyi zavoda gətirirlər və hazır məhsul əldə edirlər.

Həm çeşidləmə, həm keyfiyyət, həm də paketləmə üzrə ən yüksək texnologiya tətbiq edilir. “Haşimi”, “Apolla” və “Okean” kimi tam orqanik, təbii düyü sortları istehsal olunur. Masallı rayonunda çəltik daha çox Boradigah qəsəbəsi, Xıl, Şıxlar və Yeddioymaq kəndlərində əkilir. Ötən il əkilən 200 hektardan çox çəltik sahələrindən 735 ton məhsul tədarük edilib. 

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun