“Məzun Evi”nin sabaha ümidlə baxan sakinləri – VİDEO

  • Space TV
  • 4 Sentyabr 2020 12:12

Bu günə qədər valideynlərini itirən  və valideyn himayəsindən məhrum olan 365 gənc  “Məzun evi” Sosial Müəssisəsində mənzillə təmin olunub.  Space TV xəbər verir ki, bu məkandakı insanların hər birinin  ağrılı hekayəsi var. İndi onlar qaranlıq keçmişi unudub işiqlı gələcəyə addımlıyırlar. “Məzun  Evi”nin sakinlərini  siz də  yaxından  tanıyın. 

37 yaşlı Fazil 5 ildir ki,“Məzun  Evi”nin sakinidir. Fazil “Məzun  Evi” üçün tikilən binaların  həyətində  bağbanlıq  edir. Müsahibim  deyir ki, bu  balaca  şəhərcikdə onlar üçün hər  cür  şərait  yaradılıb. 

 “Məzun evi” Sosial Müəssisəsində valideynlərini itirən  və valideyn himayəsindən məhrum olan  şəxslər yaşayır. 3 hündürmərtəbəli yaşayış binasında 365 gənc mənzillə təmin olunub. Burda 311-i uşaq olmaqla 854 sakin yaşayır. Bu binalar 2015,2017 və 2019-cu illərdə  tikilərək istifadəyə  verilib. Hazırda 4-cü yaşayış binasının da  tikintisi  davam  edir.

Daha bir “Məzun  Evi”nin sakini,   Mehdi və  ailəsinin də   qonağı olduq. Mehdi həyat yoldaşı və 2 qızı ilə 3 il  əvvəl bura köçüb.

Evlər Təhsil Nazirliyinin təqdim etdiyi məzun siyahısı əsasında verilir. Kommunal xərclər isə ilk 6 ay ərzində dövlət tərəfindən ödənilir. Məzunlar arasında 23 yaşına qədər təhsil alanların   kommunal xərclərini də  dövlət ödəyir.  Yeri gəlmişkən bir neçə gün əvvəl kommunal xidmətlərin ödənilməsi ilə bağlı yeni dəyişiklik  olub.

“Məzun  Evi”nin sakinləri  üçün  burada  hərtərəfli  şərait  yaradılıb.  Bir neçə il əvvəl sabaha ümidi  olmayan bu insanlar indi övladlarının  gələcəyi üçün  plan  qururlar.  Budur “MƏZUN  EVİ”. Sabaha  nikbin,  ümidlə, arzu dolu baxan, həyatın ən  amansız  sınaqlarından  çıxan məzunların evi.

Lalə Ülviqızı, Space TV

Paylaş

 Xəbəriniz olsun