Ötən il Xaçmazda piaydaların vurulması ilə nəticələnən 15 hadisə baş verib ki, onlardan da dördündə ölüm faktı qeydə alınıb.Vurulan piyadalardan 2-si isə azyaşlı olub. 2019-cu ildə isə bu rəqəm hələ ki,7-dir. Ölüm hadisəsi isə 3-dür. Belə qəzaların olmasında təkcə sürücülərin deyil, piyadaların da müəyyən qədər günahı var. Müstəntiq Samir Abuzərov deyir ki, əsas piyada qəzalarına piyadaların yolun onlar üçün təyin olunmayan yerlərindən keçməsi ilə bağlı olur. Rayonda baş verən əksər qəzalar məhs bu cür qəzalardır. Belə qəzaların qarşısını almaq üçün təhlükəsizlik tədbirlərinin görülməsini vacib hesab edən Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin müstəntiqi ötən ilə müqayisədə qəzaların azalmasını məhs bu tədbirlərin görülməsində görür.
Hazırda yeni dərs ilinin başlanması ilə əlaqədar rayon ərazisində azyaşlıların iştirakı ilə baş verə biləcək xoşagəlməz hadisələrinin qarşısının alınması və məktəblilərin təhlükəsizliyinin təmin olunması məqsədilə Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və BDYPİ-nin “Siqnal” idarəsinin əməkdaşları tərəfindən köhnə və yararsız vəziyyətdə olan yol nişanları yeniləri əvəz edir, bəzi yerlərdə isə yeni zolaqlar salınır.
Qeyd edək ki, ümumilikdə rayon ərazisində 50-dən artıq piyada keçidi rənglənib. Həmçinin bir neçə təhsil ocaqlarının qarşısında da yeni zolaqlar salınıb.
Emin Vaqifoğlu – Xaçmaz – Space