Mərakeş çəyirtkələrinə qarşı mübarizə tədbirlərinə start verilib.

  • Space TV
  • 7 May 2020 15:50

Aparılan monitorinqlər nəticəsində çəyirtkəkimilərin sayının iqtisadi ziyanvermə həddindən çox olduğu müəyyən edilmiş sahələrdə ötən gündən etibarən Mərakeş çəyirtkələrinə qarşı ilkin mübarizə tədbirlərinə başlanılıb. Mübarizə tədbirləri “Pikap” tipli avtomobillərə quraşdırılmış ultra kiçikhəcmli müasir və yüksək manevr qabiliyyətinə malik çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsilə həyata keçirilir. Mütəxəssislərin fikrincə, Kənd təsərrüfatı bitkiləri üçün əsl təhlükə mənbəyi sayılan Mərakeş çəyirtkələri əkin sahələrinə kütləvi şəkildə miqrasiya edərək bir neçə saat ərzində sahəni yararsız hala salır. İsti günlərdə Mərakeş çəyirtkələri çəkisinin yarısı qədər su itirir ki, bu da onların zərərli fəaliyyətini daha da artırır. Zərərvericilər 250 kilometr məsafəni uça bilir ki, bu da təsərrüfatlar üçün nə qədər təhlükəli olduğundan xəbər verir.

Mütəxəssislər onu da bildirir ki, Çəyirtkəkimilər bir sahədə bitkiləri məhv etdikdən sonra dərhal digər sahəyə, rayona, hətta qonşu ölkə ərazisinə asanlıqla miqrasiya etmək qabiliyyətinə malikdir. Hazırda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fotosanitar Xidməti tərəfindən təkcə Saatlıda deyil, İmişli, Biləsuvar, Sabirabad və Salyan rayonlarını əhatə edən Küdrü düzü ərazisində mübarizə tədbirləri həyata keçirilir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun