Mənzillər ucuzlaşır – VİDEO

  • Space TV
  • 24 Avqust 2020 11:53

Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiqi bütün sahələrdə olduğu kimi daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyib. Space TV-nin məlumatına görə, hazırda paytaxt Bakıda mənzil bazarında ucuzlaşma müşahidə edilir. Həm ilkin mənzil satışında, həm də təkrar satışda qiymətlərdə azalma var. İyul ayı üzrə araşdırmalar göstərir ki, ay ərzində təkrar mənzil bazarında qiymətlərdə 2,22 faiz, ilkin bazarda isə 2.7 faiz azalma qeydə alınıb. Təkrar mənzil bazarında bahalı və orta qiymətli mənzillərdə qiymətlər iyul ayında demək olar ki, sabit qalıb. Orta qiymətə olan mənzillərdə isə 1,01 faiz artım olub. Ucuz mənzillərin qiymətləri daha da azalıb. Əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimov ucuzlaşmanın ənənəvi olduğunu bildirib. Çünki, yay aylarında bazarda durğunluq müşahidə edilir. Hazırda ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi bu prossesi bir qədər də artırıb.

Ekspert qeyd edib ki, yay aylarında kommersiya obyektlərinin satışı zəifləyib. Nəticədə qiymətlər 3.44 faizə qədər ucuzlaşıb. Pandemiya səbəbindən kirayə mənzillərə də tələbat azalıb. Kirayə qiymətlərində ay ərzində 3,03 faiz azalma baş verib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə azalma daha çoxdur – 8,57 faiz.  Fərdi yaşayış və bağ evlərinin kirayəsində isə mövsümlə əlaqədar iyulda 4,5 faiz artım qeydə alınıb. 2019-cu ilin iyul ayına nisbətən isə artım 9,14 faiz olub.

Obyektlərin icarəsi bazarında da qiymətlər aşağı düşüb. İyulda bu istiqamətdə 6,14 faiz azalma qeydə alınıb. Lakin ötən ilin eyni dövrü ilə müqayisədə kommersiya obyektlərinin qiyməti 13,61 faiz artıb. Ay ərzində azalma, əsasən, zirzəmi və yarımzirzəmi tipli obyektlərdə, istehsal və anbar sahələrində baş verib. Ticarət obyektlərinin satış qiymətləri isə dəyişməyib. Xidmət və ofis binalarında, boş yerlərdə ay ərzində 2 faizə qədər artım olsa da, 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə bütün obyektlərin qiyməti ucuzlaşıb.

Cəfər Talıb, Samir Göylərli, Space TV 

Paylaş

 Xəbəriniz olsun