Məhsul itkisiz toplanılır

  • SpaceTV
  • 15 Oktyabr 2019 17:56

Rayonda əsasən  bölgənin iqliminə uyğun və yüksək məhsuldarlığı ilə seçilən  Haşımi və Sədri sort çəltiyi əkilib. Vaxtında aparılan aqrotexniki qulluq sayəsində məhsul boldur. Digər tərəfdən də biçim işləri Cənub Koreya istehsalı olan sırf çəltik üçün nəzərdə tutulmuş texnikalar vasitəsilə həyata keçirilir. Bataqlıq ərazilərdə rahat şəkildə hərəkət edə bilən bu texnikalar biçim zamanı dənlərin sınmamasına imkan verir. Bu da ümumilikdə məhsuldarlığın artmasına şərait yaradır.

150 hektar çəltik sahəsindən orta hesabla 300  tondan yuxarı məhsulun yığılması gözlənilir ki, bundan da 70%, yəni 200 ton xalis düyü əldə ediləcək. İstehsalın artması sayəsində düyünün qiyməti əvvəlki illərə nisbətən aşağı düşüb. Ekoloji təmiz məhsul olduğundan bir kiloqramı 1.80 – 3.50 manata satılan yerli düyüyə tələbat çoxdur.

Biçilən çəltik rayonda fəaliyyət göstərən emal müəssisələrində üyüdülərək müxtəlif çəkilərdə qablaşdırılır və ölkə bazarlarında satışı həyata keçirilir. Ötən il Lənkəranda 826 hektar çəltik sahəsindən 4 min  tona yaxın məhsul yığılıb. Bu il isə 900 hektarda əkilən  çəltikdən 5 min tona yaxın məhsul istehsalı proqnozlaşdırılır.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun