Məhkəmə sistemində yenilik – VİDEO

  • SpaceTV
  • 7 Oktyabr 2019 16:01

Məhkəmə sistemində yenilik. 10 illik müzakirələrdən sonra 2020-ci ilin iyul ayından etibarən Azərbaycanda  mediasiya təcrübəsi tətbiq olunmağa başlanacaq.Mediasiya mübahisələrin məhkəmədən kənar alternativ həll yollarından biridir. Tərəflər mediasiya sessiyaları vasitəsilə məhkəmələrə nisbətdə daha az xərc çəkərək mübahisələrini arzu etdikləri zaman və formada həll edə bilərlər. Bu isə süründürməçiliyin və digər neqativ halların qarşısının alınmasına kömək olacaq.Mediatorlar hər hansı bir tərəfin üstünlüyünü irəli sürmür, sadəcə tərəfləri razılığa gətirirlər. 

İki tərəf mediatorun köməyindən sonra razılığa gəlib sənəd imzalasalar, bu hüquqi sənəd sayılacaq və məhkəməyə ehtiyac qalmayacaq. Mediatorluq  indiyə qədər ölkəmizdə fəaliyyət sahəsi kimi mövcud olmadığına görə bu sahədə çalışacaq mütəxəssis də yox idi. Amma artıq altı aydır ki, bu sahənin peşəkarı, Qlobal Mediatorlar və Müzakirəçilər təşkilatının qurucusu Deniz Kite Güner Azərbaycanda mediator kadrların hazırlanması istiqamətində işlər aparır.

Mediasiyanın tətbiqi belədir ki,  artıq ailə və məişət məsələlərində məhkəməyə müraciət etdikdə onlardan mediator qəbulunda olub-olmamaları soruşulacaq.

Mediator olmaq üçün dünya ölkələrindən fərqli olaraq Azərbaycanda 25 yaşı tamam olmuş, istənilən sahə üzrə ali təhsilli, 3 illik stajı olan şəxs bu işi icra etmək üçün müraciət edə biləcək.

Qeyd edək ki, mediasiya xidməti pulludur. Lakin Azərbaycan qanunvericiliyinə görə maddi imkanı olmayan şəxslərin xərcləri dövlət tərəfindən ödəniləcək. Onu da deyək ki, bir çox ölkələrdə bu təcrübə tətbiq olunur. Qardaş ölkə Türkiyədə isə mediasiya təcrübəsi  2012-ci ildən  tətbiq edilməyə başlayıb.

NƏRGİZ ƏRƏSTUNQIZI  SPACE  TV

Paylaş

 Xəbəriniz olsun