Məhəmmədrəsul Məcidov peşəkar rinqdə ikinci döyüşünü Səudiyyə Ərəbistanında keçirəcək

  • SpaceTV
  • 16 Noyabr 2019 17:49

Azərbaycanı təmsil edən Məhəmmədrəsul Məcidovun ikinci peşəkar boks döyüşünün vaxtı, yeri və rəqibi bilinib.

Bu barədə SPACE TV-ə Azərbaycan Peşəkar Boks Federasiyasının beynəlxalq əlaqələr üzrə vitse-prezidenti, “Boxing Star Managament” şirkətinin rəhbəri Ziya Əliyev deyib.

“Onun ABŞ-ın məşhur “Matchroom Boxing” promouter şirkəti ilə müqavilə bağlanmasında mənim rolum olub. Promouter, həmin şirkətin icraedici direktoru Edi Hirn keçmiş ağır çəkidə dünya çempionu, ingiltərəli Entoni Coşuanın (Olimpiya çempionu, 2011-ci ildə Bakıda keçirilmiş həvəskar boks üzrə dünya çempionatının ikincisi – S.M.) promouteridir. Hirnlə çox yaxşı münasibətlərim var. Bu üzdən də onun şirkəti ilə müqavilə bağlaya bildik. 

Artıq Məhəmmədrəsulun ikinci döyüşünün vaxtı bilinir. O, dekabrın 7-də ingiltərəli Tom Litlla görüşəcək. Səkkiz raundluq döyüş olacaq. Məhz Edi Hirnlə yaxşı münasibətlərimin olması səbəbindən, onun döyüşünü Entoni Coşua ilə amerikan Endi Ruisin ikinci döyüşünün keçirildiyi gecəyə saldıq. Həmin döyüş gecəsi Səudiyyə Ərəbistanının Diriyə şəhərində keçirildiyindən, “Clash on the Dunes” (“Səhrada Toqquşma” – S.M.) adlandırılıb. Orda çoxlu ağırçəkili boksçular döyüşəcək”.

Qeyd edək ki, Məhəmmədrəsul Məcidov sentyabrda Nyu Yorkda – Medison Skveyə Qardendə ilk peşəkar döyüşünü keçirib. O, ABŞ idmançısı Ed Fauntini dördüncü raundda texniki nokautla məğlub edib. 

Paylaş

 Xəbəriniz olsun