Mədət Quliyev Türkiyənin Kosmik Agentliyinin nümayəndə heyətini qəbul edib

  • Space TV
  • 17 Fevral 2021 17:56

Bu gün Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyənin Kosmik Agentliyinin prezidenti Serdar Yıldırım Hüseynin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Spacetv.az-a Nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri geniş müzakirə edilib.

M.Quliyev qonaqların diqqətinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyi ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yaradılıb. Nazir Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən söz açıb, qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Məqsədi iki ölkənin kosmik tədqiqatları haqqında məlumat mübadiləsi, o cümlədən qarşılıqlı əlaqələrin qurulmasından ibarət olan görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri haqqında geniş müzakirələr aparılıb.

S.Y.Hüseyn səmimi qəbula görə M.Quliyevə təşəkkürünü bildirib. Görüş konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib.

Paylaş

 Xəbəriniz olsun