Məcburi köçkün uşaqlar üçün tibbi aksiya keçirilir

  • SpaceTV
  • 1 Noyabr 2019 16:55

Bu gündən başlayan və iki gün davam edəcək aksiya çərçivəsində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının 20 tibb işçisindən ibarət briqadası Ağdam rayonuna ezam olunub. Yüksək ixtisaslı həkimlər burada müasir tibbi avadanlıqlarla tam təchiz olunmuş İdarənin Mobil Səyyar Hospitalında və Ağdam Rayon Mərkəzi Xəstəxanasında məcburi köçkün pasiyentləri müayinə ediblər. Müayinəyə 250-yə yaxın məcburi köçkün cəlb olunub.

Mərkəzi Gömrük Hospitalının həkimləri tərəfindən aparılan müayinələr zamanı EXO, USM, EKQ və digər tibbi avadanlıqlar vasitəsilə səhhətində problem aşkarlanan uşaqların valideynlərinə peşəkar tibbi məsləhətlər verilib və  müvafiq müalicələr təyin olunub.

Qeyd edək ki, tibbi aksiyanın məqsədi Ağdam rayonunda yaşayan uşaqların ən yüksək texnologiyalar əsasında diaqnostik tibbi müayinəsinə, eləcə də məcburi köçkünlərə yaşadıqları ərazidə yüksək keyfiyyətli səhiyyə xidmətindən istifadə etməsinə imkan yaratmaqdır.Xatırladaq ki, bu il Astara şəhərində, Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində və Füzuli rayonunun Horadiz şəhərində Mərkəzi Gömrük Hospitalının yüksək ixtisaslı həkimləri tərəfindən uşaqların və böyüklərin müayinələri həyata keçirilib. Ümumilikdə bu xeyriyyə aksiyalarında 600 nəfərə yaxın insan diaqnostik tibbi müayinədən keçirilib.

Emin Babayev SPACE TV

Paylaş

 Xəbəriniz olsun