Los Ancelesdə İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş tədbir

  • SpaceTV
  • 21 Fevral 2020 11:58

ABŞ-ın və dünyanın ən nüfuzlu universitetlərindən olan Kaliforniya Los Anceles Universitetinin (UCLA) Kitabxanasında 20 fevral 2020-ci il tarixində azərbaycanlı şair və mütəfəkkir İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş geniş tədbir keçirilib.

SPACE TV  xəbər verir ki, UCLA və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə UCLA Kitabxanasının rəhbərliyi və əməkdaşları, habelə universitetin müəllim və tələbə heyəti, tanınmış elm və mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının üzvləri və digər qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan UCLA Kitabxanasının direktor müavini Şaron Farb Azərbaycan ədəbiyyatının dahi nümayəndəsi İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş belə bir önəmli tədbirə evsahibliyi etmələrindən məmnun olduqlarını bildirib. O, Azərbaycan ilə UCLA Kitabxanası arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, 2018-ci ilin yanvarında Baş Konsulluğun təşəbbüsü ilə Azərbaycan Milli Kitabxanası və UCLA Kitabxanası arasında Anlaşma Memorandumunun imzalandığını və bu tərəfdaşlığa böyük önəm verdiklərini diqqətə çatdırıb.

Kitabxananın Slavyan, Şərqi Avropa və Mərkəzi Asiya üzrə əməkdaşı Alena Aysinq öz çıxışında, Azərbaycan ilə əməkdaşlıqdan və ötən il Azərbaycan Milli Kitabxanasının dəvətilə Azərbaycana etdiyi səfərdən danışaraq, ölkəmiz haqda xoş təəssüratlarını slaydların köməyilə qonaqlarla bölüşüb.

Sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu və Los Anceles Konsulluq Korpusunun duayeni Nəsimi Ağayev, İmadəddin Nəsiminin yaradıcılığından ətraflı bəhs edərək, onun öz şeirlərində yüksək humanizm, sülh, tolerantlıq, dünyəvilik, mənəvi kamillik, ədalət və ilahi eşq ideyalarını sadə və anlaşıqlı dildə xalqa çatdırdığını və bənzərsiz əsərlər yaratdığını vurğulayıb. Diplomat qeyd edib ki, Nəsiminin yaşadığı dövrdə fars dilinin dominant ədəbi dil olmasına baxmayaraq, böyük şair ən gözəl və tanınmış əsərlərini məhz öz ana dili olan Azərbaycan dilində yaradaraq, doğma dilimizin və ədəbiyyatımızın inkişafına böyük töhfələr verib.

Baş konsul ötən il Nəsiminin anadan olmasının 650 illiyinin təntənə ilə qeyd olunduğunu və Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edildiyini diqqətə çatdırıb. O, Nəsimi yaradıcılığının Azərbaycan ədəbiyyatının inkişafına güclü təsir göstərdiyini, onun ideyalarının indiyədək bir çox Azərbaycan və dünya ədiblərinin yaradıcılığında dərin iz qoyduğunu qeyd deyib. Baş konsul 650 il keçməsinə baxmayaraq, bu ideyaların bu gün də aktual olduğunu və böyük önəm kəsb etdiyini dilə gətirib. O, bu xüsusda Azərbaycanın bu gün tolerantlıq və multikulturalizm ənənələrinin hökm sürdüyü məkan olduğunu, ölkəmizdə etnik və dini mənsubiyyətindən asılı olmayaraq hər kəsin harmoniya və sülh şəraitində birgə yaşadıqlarını vurğulayıb.

Çıxışlardan sonra tanınmış amerikalı aktyorlar Azərbaycan milli geyimlərində sufi musiqisinin müşayiətilə Nəsiminin müxtəlif əsərlərini ingilis dilində səsləndiriblər. Tədbirdə, həmçinin Azərbaycan mənşəli britaniyalı müğənni Sami Yusufun 2019-cu ildə Bakıda ilk dəfə ifa edilmiş, Nəsimiyə həsr olunmuş kompozisiyasının video-yazısı nümayiş etdirilib. Tədbir qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Paylaş

 Xəbəriniz olsun