Lənkaranda intensiv meyvə bağı salınıb

  • Space TV
  • 31 Dekabr 2019 12:58

50 hektara yaxın meyvə bağında Türkiyədən gətirilən 14 mindən çox yüksək məhsuldar meyvə ağacları əkilib. 30 hektarı nektarin, qalan əraziləri isə ərik, armud, heyva, gilas, gavalı meyvələrindən ibarət bağda məhsul yay-payız aylarında yığılsa da, aqrotexniki qulluq işləri ilboyu aparılır. Hazırda bağda budama işləri görülür ki, bu da ağacların inkişafına və məhsul bolluğuna hesablanıb.  

Xarici mütəxəssislərin tövsiyələrinə uyğun əkilən ağaclara ildə bir neçə dəfə onların iştirakı ilə baxış keçirilir. Müasir texnikaların köməyi ilə aqrotexniki qulluq işləri görülür. Cənub bölgəsi rütubətli olduğundan xəstəliklərə qarşı mübarizə tədbirləri, dərmanlama işləri aparılır. Bu işləri görmək üçün isə təsərrüfatda 15 nəfər daimi, 60 nəfərə yaxın isə mövsümi işçi çalışır.

Ötən mövsüm 400 tona yaxın meyvə toplanan bağdan gələn il daha çox məhsul tədarükü proqnozlaşdırılır. Bağın 60 hektara qədər artırılması, yazqabağı daha 6 hektar sahədə şaftalı, nektarin tinglərinin əkilməsi planlaşdırılır. Əsas məqsəd xarici bazarlara çıxarmaq üçün rəqabət qabiliyyətli məhsul istehsal etməkdir. 

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun