Lənkaranda çillə bayramı

  • Space TV
  • 20 Dekabr 2019 15:01

Xalq arasında qış fəsli çillə adı ilə üç yerə bölünür. Bunlardan böyük çillə 40 gün, kiçik çillə 20 gün, boz ay və ya ala çillə isə bir ay davam edir. İlin ən uzun gecəsindən sonra qış başlayır və Çillə bayramı da buna görə qeyd edilir. Qışı xoş qarşılamaq üçün ən əsas şərt evdə qarpız, ya da balqabağın olmasıdır. Əksər ailələr çillə qarpızlarını əvvəlcədən alıb saxlayardılar. Bayram günü evində çillə qarpızı, ya da ağ boranı olsun deyə qabaqcadan ehtiyatını tutmayanlar isə səhər tezdən bazara gedirlər.

Çillə qarpızı və ağ balqabağa bolluq, bərəkət rəmzi kimi baxılır. Bayram axşamı qarpız kəsmək qışı xoş qarşılamaqla bərabər, ondan qorxmamağa işarədir. Nişanlı qızlar üçün bayram xonçası aparmaq  adəti  bu günümüzə qədər gəlib çatıb. Lənkəran  bazarına axın da buna görədir. Qız evinə yola salınacaq  qış xonçası üçün bazarlıq edənlərin çoxluğu isə ən çox satıcıların ürəyincədir. 

Çillə qarpızı kəsilən vaxt niyyət tutulur. Qarpızın baş tərəfini kəsirlər və dörd yerə ayırdıqdan sonra atırlar. Əgər hissələrdən ikisi eyni tərəfi üstə düşərsə, misal üçün, 2-si yaşıl, 2-si ağ olarsa,  niyyət qəbul edilmiş sayılır.

Çillə qarpızını adətə görə evin ağsaqqalı kəsir və ailə üzvlərinə, qonşulara, xüsusən səhhətində problem olan adamlara verir ki, şəfa tapsınlar. İnanca görə, kim çillə axşamı ürəyində niyyət tutub çillə qarpızından və ya boranısından  bir dilim yesə, həm niyyətlərinə çatar, həm də növbəti qışa qədər sağlam olar.  

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun