Lənkaranda at yürüşü keçirilib

  • Space TV
  • 31 Yanvar 2020 15:07

Yürüşün keçirilməsində əsas məqsəd cənub bölgəsində ekoturizmi inkişaf etdirmək olub. Aksiyaya qoşulanlar öz asudə vaxtlarını təbiət qoynunda səmərəli keçiriblər. Çaparlar   əllərində üç rəngli bayrağımızla Hirkan Milli Parkından yürüşə başlayıblar. Yol boyu musiqiçilərin müşayiəti ilə davam edən at yürüşündə gənclərlə yanaşı, könüllü qoşulan yaşlı çaparlar da var idi.

At çapmaq sağlamlıqla yanaşı, vətənpərvərlik və igidlik rəmzidir. Tarix boyu doğma el-obamızın əmin-amanlığı uğrunda kişilərlə bərabər qadınlar da at belində  mübarizə aparıb, cəsarət göstəriblər. Bu gün də at belindən düşməyən qadınlarımız var. Yürüşə qatılan Lənkəranın Xanbulan kənd sakini Gülnaz Hüseynova kimi.

10 km məsafə qət edən çaparları  yerli sakinlər böyük həvəslə izləyib. Yürüş Xanbulan gölünün ətrafındakı seyr meydanında cəngi sədaları altında sona çatıb. Belə yürüşlərin keçirilməsi xalqımızın qədim atçılıq ənənələrini nümayişi və təbliği, eyni zamanda, atçılıq turizminin inkişafı baxımından əhəmiyyət daşıyır. 

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun