Ləmkaranda karantin qaydalarına ciddi nəzarət edilir

  • SpaceTV
  • 11 May 2020 15:37

Rayondaxili marşrutlarda sıxlığın yaranmaması, sərnişinlər arasında sosial məsafənin qorunması, həm sürücülərin həm də sərnişinlərin sağlamlığının qorunması və tibbi maskalardan istifadənin təmin olunması məqsədilə istər profilaktiki, istərsə də reyd xarakterli tədbirlər davam etdirilir. Belə reydlərdən biri hazırda karantin rejiminin davam etdiyi Lənkəran rayonunda təşkil olunub. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən sərnişindaşıma ilə məşğul olan iri və kiçiktutumlu nəqliyyat vasitələri saxlanılmaqla karantin rejiminin tələblərinə riayət olunub olunmaması yoxlanılıb.

Karantin qaydalarını pozanlar barəsində inzibati qaydada protokollar tərtib edilib. Marşrutlarda sərnişin sıxlığı hallarına çox rast gəlinməsə də, sərnişinlərin bir çoxunun maskadan istifadə etmədiyi üzə çıxıb. Həmin sərnişinlərə polis əməkdaşları tərəfindən maskalar paylanıb. Reyd zamanı eyni zamanda 2 nəfərdən artıq sərnişin daşıyan taksi sürücüləri də aşkarlanıb. Onlara da karantin qaydalarını pozduqları izah olunub və barələrində qanunamüvafiq tədbirlər görülüb.

Ümumilikdə isə indiyə qədər Lənkəranda yol patrul xidməti əməkdaşları tərəfindən xüsusi karantin rejimi qaydalarını pozan 440-dan artıq şəxs barəsində protokol tərtib edilib.

RÖVŞƏN ALMASOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun