Kütləvi davada ağır xəsarət

  • SpaceTV
  • 29 Avqust 2019 12:12

Paytaxtın  Binəqədi rayonunda döyülmə hadisəsi baş verib. Təqribi 5 nəfər sərxoş insanın özünü idarə edə bilməməsi səbəbindən 1 nəfərə ağır xəsarət yetirilib.  

Gecə saatlarında Binəqədi rayonunun Şövkət Məmmədova küçəsində 4-5 nəfər sərxoş şəxs 22 yaşlı Elnur Əsədli ilə mübahisə edib. Tərəflər arasında yaranan anlaşılmazlıq əlbəyaxa dava ilə nəticələnib. Nəticədə o, baş və bədənin müxtəlif nahiyələrindən xəsarətlər alıb. Kütləvi  davada ağır bədən xəsarətləri alan şəxsə  hadisə yerinə çağrılan təcili tibbi yardım briqadasi ilkin yardım göstərib. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona burun sümüyünün sınığı, qapalı kəllə-beyin travması diaqnozu qoyulub.  Həkimlərin verdiyi məlumata görə,  yaralının vəziyyəti ağır olaraq qalır. Baş vermiş hadisədən sonra davada iştirak edənlər ərazidən uzaqlaşıblar. Dərhal hadisə yerinə Binəqədi  rayon polis idarəsinin əməliyyat axtarış qrupu yollanıb . Faktla bağlı  Binəqədi rayon polis idarəsində cinayət işi açılıb, araşdırmalar davam edir.

Nurlan Piriyev Space  

Paylaş

 Xəbəriniz olsun