Kürdə su azalıb

  • SpaceTV
  • 14 Oktyabr 2019 16:22

Mütəxəssislərin bildirdiyinə görə, hər il yaz və payız aylarında Kür çayında bol sululuq müşahidə olunmalıdır. Lakin son 9 ildir ki, çayda belə gursululuğu görən olmayıb. Əksinə çayda ilbəil suyun səviyyəsi azalmağa doğru gedir. Bu da Kür ətrafı yaşayış məntəqələrinə öz mənfi təsirini göstərir. Çayın Salyan ərazisindən keçən hissəsində bəndlə Kürün arasındakı məsafə artıq 10 metrə çatıb. Bu isə Kürdə suyun ən aşağı  həddə olduğunu göstərir.

Mütəxəssislərin fikrincə, Kürün su mənbəyinin 36 faizini əriyən qarlar, 30 faizini yeraltı qurunt suları, 20 faizini yağış və 14 faizini isə buzlaqlardan əriyib axan sular təşkil edir. Təkcə son 3 ayda Salyan rayonu ərazisindən keçən Kür çayında suyun səviyyəsi 3 metrə qədər azalıb. Çayda vəziyyətin belə kritik həddə çatması istər-istəməz flora və faunaya da ciddi təsir göstərir. Ekoloqların qənaəti belədir.

Mütəxəssislər hesab edirlər ki, çayda suyun normal həddə olması üçün hər hansı bir qabaqlayıcı tədbirlər görülməzsə, yaxın gələcəkdə vəziyyət daha da acınacaqlı həddə çata bilər.

Təyyar Nəsirli  SPACE TV

Paylaş

 Xəbəriniz olsun