Küp qəbirlər aşkarlanıb – VİDEO

  • Space TV
  • 31 Avqust 2020 11:34

Yardımlıda təxminən 2000 il yaşı olan küp qəbirlər aşkarlanıb. Rayonda həmçinin daş örtüklü qəbirlərə də rast gəlinib. Space TV-nin məlumatına görə, rayonun Urakəran kəndində təsərrüfat işləri aparan zaman maraqlı hadisə baş verib. Evinə su borusu çəkmək istəyən kənd sakini qədim əşyalar tapıb. Sonradan məlum olub ki, bunlar sadə saxsı qablar deyil.

Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası artıq kəndin Bilgəh adlanan bu sahəsində tədqiqatlara başlayıb. Ərazidə aşkarlanan küp qəbirlər indiyədək tapılan analoqları ilə müqayisədə quruluşu və dəfn adətinin fərqliliyi ilə seçilir. Məlum olub ki, aşkarlanan bəzi daş örtüklü qəbirlər öz dövründə talan olunub. Çünki, bir çox qablar qırıq vəziyyətdə qəbir kamerasından, onun əhatə elədiyi yerdən kənara atılıb. Buna baxmayaraq qəbrlərdə müxtəlif bəzək əşyaları, saxsı qablar, silahlar tapılıb. Aşkarlanan maddi nümunələr arasında qədim Roma mədəniyyətinə aid şüşə nümunələri də var. Bu, həmin dövrdə ərazidə yaşayan insanların qədim Roma ilə ticarət əlaqələrinin olduğunu göstərir.

Qazıntı işləri sentyabrın ortalarına qədər davam edəcək. Aşkarlanan maddi –mədəniyyət nümunələri bərpa olunduqdan sonra yerli diyarşünaslıq muzeyinə təhvil veriləcək.

Paylaş

 Xəbəriniz olsun