Kriptovalyuta ilə külli miqdarda vəsait oğurlayan dəstə saxlanıldı

  • Space TV
  • 10 Fevral 2021 16:30

Tanınmış şəxslər də daxil olmaqla xeyli adamdan kriptovalyutada 100 milyon dollardan artıq vəsait oğurlayan dəstə beynəlxalq miqyasda keçirilən əməliyyat nəticəsində zərərsizləşdirilib.

Spacetv.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Polis Agentliyi (Europol) açıqlama verib.

Belə ki, həmin dəstənin 8 üzvü dünən – fevralın 9-da, daha ikisi də bundan əvvəl Belçikada və Maltada ələ keçirilib.

“2020-ci ildə ABŞ-da minlərlə insan, o cümlədən nüfuzlu bloqçular, idman ulduzları, musiqiçilər, onların ailələri bu dələduzların qurbanına çevrilib. Belə ki, cinayətkarlar qanunsuz yolla onların telefonlarına daxil olaraq “SİM-swapping” (SİM dəyişdirilməsi) yolu ilə kriptovalyutada 100 milyon dollardan artıq vəsait oğurlayıblar”, – deyə Europol bildirib.

“SİM-swapping” zamanı cinayətkarlar telefon nömrəsində olan və abunəçini müəyyənləşdirmək üçün istifadə olunan çipə (SİM) nəzarət əldə edirlər. Telefon şirkəti səhvən işləyən nömrəni deaktivasiya edərək onun fəaliyyətini nəzarət olunan həmin SİM-ə köçürdükdə dələduzlar öz məqsədlərinə çata bilirlər.

Dəstə üzvləri həmçinin pullar, şəxsi məlumatları da ələ keçirərək zərərçəkənlər adından sosial şəbəkələrdə müxtəlif paylaşımlar edib, ismarıclar göndəriblər.

Bir il bundan əvvəl başlayan təhqiqatda Europolun dəstəyilə ABŞ, Kanada, Böyük Britaniya, Belçika və Malta polisi iştirak edib.

Paylaş

 Xəbəriniz olsun