Kredit borcu olanların diqqətinə! Gecikmələrə görə güzəştlər ediləcək

  • SpaceTV
  • 7 May 2020 12:02

Bildiyimiz kimi, Azərbaycan Prezidentinin tapşırığı ilə Mərkəzi Bank pandemiyanın maliyyə bazarına və müştərilərinə təsirlərini minimumlaşdırmaq üçün 4 əsas istiqamət üzrə güzəşt tədbirləri həyata keçirəcək. Burada əsas məqamlardan biri kredit borcu olanlar ilə bağlıdır.

Bəs bu güzəşt paketi hansı kreditlərə şamil ediləcək?

SPACE TV  xəbər verir ki, məsələyə münasibət bildirən iqtisadçı eskpert Samir Əliyev deyir ki, bu paket əsasən qənaətbəxş sayılan kreditlərə şamil ediləcək.

”Bu əsasən vaxtı vaxtında ödənilən,30 gündən çox gecikməsi olmayan istehlak kreditlərinə şamil ediləcək. Kimsə kredit ödənişlərini iki ay, üç ay gecikdirəcəksə bu paket onlara şamil edilmir. Paketə görə, kredit öhdəliklərinin (əsas borc və faiz ödənişləri) tam və ya qismən gecikdirilməsi halında borcludan əlavə cərimə faizi, dəbbə pulu və digər ödənişlərin tutulmamasının banklara tövsiyə edilir. Bu o deməkdir ki, Mərkəzi Bank banklara kreditini ödəməkdə çətinlik çəkənlərə cərimə faizi və dəbbə pulu yazmamağı tövsiyə edib.”

İqtisadçı ekspert Vüqar Bayramov da bu məsələdə belə mövqe bildirdi ki, əgər vətəndaşımızın martın 1-dən sentyabrın 30-dək kredit yubanması olacaqsa, bu, onun kredit tarixçəsinə yazılmayacaq və tarixçə pisləşməyəcək.

”Tədbirlərə əsasən, İpoteka və Kredit Zəmanət Fondunun vəsaitləri hesabına bu il martın 1-dək verilmiş ipoteka kreditləri fondun razılığı əsasında bu il sentyabr 30-dək restrukturizasiya olunacaq, yəni güzəşt tətbiq olunacaq. Fondun vəsaitləri hesabına martın 1-dək verilmiş ipoteka kreditlərinin restrukturizasiya edilməsi zamanı banklar tərəfindən kreditin keyfiyyətinin pisləşdirilməməsi tapşırılıb.”

Paylaş

 Xəbəriniz olsun