Kranlar niyə aşır? – VİDEO

  • Space TV
  • 8 Sentyabr 2020 21:53

Ötən həftə paytaxtda baş verən kran qəzası bir nəfərin həyatına son qoydu. Dəhşətli hadisə zamanı ətrafdakı evlərə, avtomobillərə də ciddi ziyan dəydi. Təbii ki, hadisə ilə bağlı hazırda araşdırmalar davam etdirilir, səbəbkarlar öz cəzalarını alacaqlar. Əməkdaşlarımız kranların aşma səbəblərini araşdırıb. Kranlar niyə aşır?

Space TV xəbər verir ki, paytaxtın mərkəzində, gündüz saatlarında hündür yük kranı yaşayış binasının üzərinə aşdı. Yüksəklikdən yıxılan sürücü aldığı xəsarətlərdən hadisə yerində öldü. Ətrafdakı maşınlara, evlərə ciddi ziyan dəysə də, insanları sözün əsl mənasında Allah saxladı. Lakin bu ölkəmizdə baş verən ilk kran qəzası deyil. Elə bu ilin mayında Şamaxıda da kranın aşması ölümə səbəb oldu. Digər hadisələrdə ölüm olmasa da, xəsarət alanlar, zərərçəkənlər az olmayıb. Ekspertlər bildirir ki, kranların aşmasının əsas səbəbləri normadan artıq yük qaldırma və kranın düzgün qurulmamasıdır.

Kranların təhlükəsizliyinə Fövqəladə Hallar Nazirliyi nəzarət edir. Ötən həftə baş verən hadisədən sonra yoxlamalar aparıldığından hazırda bir sıra tikinti sahələrində iş dayanıb. Lakin təhlükəsizlik qaydalarına riayət etmədən çalışanlar da var. Məsələn, Günəşli qəsəbəsində yerləşən bu kran hündürmərtəbəli yaşayış binasının yaxınlığında quraşdırılıb. Hər hansı nasazlıq yaranarsa, acı nəticələr qaçılmazdır.

Ekspertlər bildirir ki, ümumiyyətlə Bakıda və Abşeron yarımadasında rels üzərində hərəkət edən kranlardan istifadə təhlükəlidir.

Qeyd edə ki, ötən həftə Bakıda kranın aşması ilə əlaqədar Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Cəfər Talıb, Samir Göylərli, Space TV

Paylaş

 Xəbəriniz olsun