Koronavirusdan ölən şəxs necə dəfn olunmalıdır? – QMİ-dən Açıqlama

  • Space TV
  • 13 Mart 2020 15:33

“Virusdan dünyasını dəyişən şəxsin yuyulması mümkünsüz olsa, meyit torpaqla təyəmmüm edilir. Əgər heç bir təhlükə yoxdursa, mütləq şəkildə yuyulmalıdır. Bunu da artıq mütəxəssislər müəyyən etməlidirlər”.

SPACE TV  xəbər verir ki, bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli koronavirusdan ölən şəxslərin dəfn mərasiminin keçirilməsi prosesinə aydınlıq gətirərkən deyib.

QMİ rəsmisi bildirib ki, virusdan ölən şəxsin harada dəfn olunması mütəxəssislərin rəyindən sonra dəqiqləşir:

“Tövsiyə nədirsə, dinimiz də bu nöqteyi-nəzərdən ona əməl etməyi vacib sayır. Dinimizdə qəbiristanlıqda dəfnin xüsusi yerlərdə həyata keçirilməsi ilə bağlı hər hansı göstəriş yoxdur. Ancaq hansısa bir şəxsin təhlükə baxımından kənar yerdə dəfn olunması barədə qərar verilərsə, onda buna əməl etmək lazımdır”.

Hacı Şahin Həsənli vurğulayıb ki, hər hansı bir virusun başqalarına yoluxma təhlükəsi varsa, dəfn mərasimində məhdud sayda insanlar iştirak etməlidirlər:

“Yas mərasimləri kütləvi şəkildə keçirilməyə də bilər. Qafqaz Müsəlmanları İdarəsi də koronavirus təhlükəsinə görə yas mərasimlərində kütləviliyin məhdudlaşdırılmasını tövsiyə edib”

Paylaş

 Xəbəriniz olsun