Koronavirus nefti vurur, qiymətlər yenə düşdü

  • Space TV
  • 16 Mart 2020 13:03

İnvestorlar koronavirusun dünyaya yayılma miqyasını və bunun neftə olan təsirini qiymətləndirməyə davam edirlər.

SPACE TV xəbər verir ki, neft qiymətləri yenə aşağı düşüb. Brent” markalı neftin qiyməti tələbatla bağlı olan narahatlıqların fonunda 3 faiz azalıb.

Bakı vaxtı ilə saat 9:34-ə olan məlumata görə, “Brent” neftinin may fyuçerslərinin qiyməti 3,57 faiz düşərək bir barelə 32,64 dollar səviyyəsində dayanıb. “WTI” markalı neftin may fyuçerslərinin qiyməti isə 2,12 faiz azalıb, yəni bir barelə görə 31,43 dollara düşüb.

İnvestorlar koronavirusun dünyaya yayılma miqyasını və bunun neftə olan təsirini qiymətləndirməyə davam edirlər. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni koronavi̇rusun (COVID-19) yayılmasını pandemiya elan edib. Dünyanın 140 ölkəsində artıq 153 mindən çox insan koronavi̇rusa yoluxub, onların əksəriyyəti sağalıb, 5,7 min nəfər isə dünyasını dəyişib.

“Qorxu bu məsələdə əsas problem olaraq qalır, çünki bazar iştirakçıları maliyyə-kredit siyasətinin yumşaldılmasının və likvidliyin təsirinin səhiyyə sahəsindəki ciddi böhranı aradan qaldıracağına hələ də əmin deyillər”, – “OCBC Bank”ın baş iqtisadçısı Selena Linq (Selena Ling) “Reuters” agentliyinə bildirib.

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) faiz dərəcələrini ay ərzində gözlənilmədən ikinci dəfə azaldıb. Martın 16-dan başlayaraq faiz dərəcələri 0-0,25 faizə endirilir.

Paylaş

 Xəbəriniz olsun