Koronavirus epidemiyasına qarşı bütün gömrük-sərhəd buraxılış məntəqələrində lazımi sanitar-profilaktik və dezinfeksiya işləri gücləndirilmiş rejimdə davam etdirilir

  • SpaceTV
  • 16 Aprel 2020 14:34

Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə martın 5-dən Azərbaycan və İran  vətəndaşlarının qarşılıqlı səfərləri müvəqqəti dayandırılıb.  Bu məhdudiyyətlər yalnız sərnişinlərə və minik avtomobillərinə şamil edilib. Hazırda Astara sərhəd buraxılış məntəqəsində yük nəqliyyat vasitələrinin gediş-gəlişində hər hansı bir məhdudiyyət yoxdur. 

Respublika ərazisinə daxil olan yük maşınlarının sürücüləri ilk olaraq gömrük ərazisində tibbi maska ilə təmin olunur, nəqliyyat vasitələri isə xüsusi stasionar qurğuda kimyəvi məhlullarla dezinfeksiya edilir.

İkinci mərhələdə qoruyucu geyim və dezinfeksiyaedici vasitələr ilə təmin edilmiş gömrük əməkdaşları tərəfindən dezinfeksiya tədbirləri əl ilə həyata keçirilir. Dezinfektorlar  vasitəsilə avtomobilin səthi, qoşqu hissələri, təkərləri təkrar dezinfeksiya olunur. Gömrük nəzarəti başa çatdıqdan sonra mobil gömrük bölməsinin müşayiəti ilə xüsusi terminala  daxil olan nəqliyyat vasitələri bir daha dezinfeksiya edilir. Sürücülər təmas gözlənilməklə həkim müayinəsindən keçirilir, temperaturları ölçülür, sonra isə növbəti prosedurlar həyat keçirilir.

Gücləndirilmiş iş rejimində fəaliyyət göstərən  Cənub Ərazi Baş gömrük İdarəsi tərəfindən ticarətin asan, maneəsiz və sürətli şəkildə həyata keçirilməsi istiqamətində bütün zəruri addımlar atılır. 

Tranzit rejimində daxil olan yük nəqliyyat vasitələri gömrük prosedurları başa çatdıqdan sonra kolon şəklində toplanaraq Dövlət Yol Polisi əməkdaşlarının müşaiyəti ilə digər sərhəd buraxılış məntəqəsinə çatdırılır.

Rövşən Almasoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun