Koronavirus Amazoniya hindularını tamamilə məhv edə bilər

  • Space TV
  • 13 Aprel 2020 09:50

Bütün dünyanı ağuşuna alan koronavirus planetimizin ən ucqar nöqtələrində yaşayan qəbilələrə də çatıb.

“Globo” xəbər verir ki, ötən günlərdə sivilizasiyadan uzaq Amazoniya meşələrində yaşayan yanomamo qəbiləsindən 15 yaşlı yeniyetmə bu virusa yoluxub.

Braziliyanın Boa-Vista şəhərindəki xəstəxanalardan birinə yerləşdirilən oğlanın həyatını xilas etmək mümkün olmayıb.

Bu haqda Braziliyanın Səhiyyə Naziri Luis Enrike Mandetta məlumat yayıb.

“Bu hadisə bizi narahat edir. İndiki vəziyyətdə biz əsas diqqəti dünya ilə təması olmayan aborigen icmalara yönəltməliyik”, – deyə nazir vurğulayıb.

Qeyd etmək lazımdır ki, koronavirus Braziliyanın 850 minlik aborigen əhalisinə ciddi təhlükə yarada bilər, çünki onların bir çox xəstəliyə qarşı immuniteti yoxdur və həkimlər onların köməyinə vaxtında gələ bilmir.

Onların icma şəklində yaşaması xəstəliyin sürətli şəkildə yayılmasına səbəb ola bilər. Nəticədə Amazoniyanın aborigen qəbilələri yer üzündən silinə bilər.

Paylaş

 Xəbəriniz olsun