Kolumbiya Senatı Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edib

  • Space TV
  • 26 Fevral 2021 17:04

Kolumbiya Senatının Xarici əlaqələr daimi Komissiyası və yuxarı palatada fəaliyyət göstərən Kolumbiya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilib. 

Bu barədə Azərbaycan Respublikasının Meksikadakı Səfirliyi məlumat yayıb.

Bildirilib ki, senatın birinci vitse-spikeri, adıçəkilən daimi komissiyanın sədri və çoxsaylı senatorlar tərəfindən imzalanmış sənəddə 1992-ci ilin 26 fevral tarixində azərbaycanlı mülki əhaliyə qarşı Xocalı şəhərində soyqırımı törədildiyi, bu zaman 63-ü azyaşlı uşaq, 106-ı qadın və 70-i yaşlı olmaqla 613 nəfər dinc sakinin qətlə yetirildiyi qeyd olunur. 

Çoxsaylı dünya ölkələrinin qanunverici orqanları tərəfindən tanınmış Xocalı soyqırımının 29-cu ildönümünün Kolumbiya Senatı tərəfindən qeyd edildiyi və faciə qurbanlarının xatirəsinin yad edildiyi bildirilir. 

Həlak olmuş soydaşlarımızla əlaqədar dost ölkə olaraq Kolumbiyanın Azərbaycan hökuməti və xalqına həmrəyliyi və başsağlığı diləkləri çatdırılır, eləcə də bu kimi faciələrin bir daha baş verməməsi və regionda möhkəm və davamlı sülhün bərqərar olmasına dair arzu ifadə olunur.

Paylaş

 Xəbəriniz olsun