Kölgə iqtisadiyyatı ilə mübarizə nəticəsində dövlət büdcəsinə daxil olan əlavə vəsait açıqlandı

  • Space TV
  • 26 Dekabr 2019 12:18

2019-cu ilin ilk 11 ayında dövlət büdcəsinin profisiti 957 milyon manata çatıb.

SPACE TV  xəbər verir ki, bunu 2019-cu ilin iqtisadi yekunlarına dair Yeni Azərbaycan Partiyasının İcra Katibliyində keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

Onun sözlərinə görə, ticarət balansında altı milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb.

V.Qasımlı onu da əlavə edib ki, strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarına çatmaqla, 37 aylıq mal və xidmət idxalına kifayət edir və xarici borcu altı dəfəyə qədər üstələyir:

“Cari il ərzində inflyasiya 2,6% olub. Bu isə illik hədəfdən azdır. Bu il manat türk lirəsinə, avroya, gürcü larisinə qarşı bahalaşıb, Ukrayna qrivnası, Rusiya rublu və Yapon yeninə qarşı isə ucuzlaşıb, ən əsası, ABŞ dolları ilə məzənnəsini sabit saxlayıb.

Manatın real effektiv məzənnənin ucuzlaşması isə qeyri-neft ixracını stimullaşdırıb. Qeyri-neft ixracı 16% artıb. 

2019-cu il ərzində vergi-gömrük islahatları və kölgə iqtisadiyyatı ilə mübarizə nəticəsində dövlət büdcəsinə proqnozdan bir milyard manat əlavə vəsait daxil olub. Dövlət büdcəsinin artan imkanları hesabına həyata keçirilən sosial islahat paketi 4,2 milyon nəfəri əhatə etməklə 2,3 milyard manata başa gəlib. 

Bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb. Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizlik artım nümayiş etdirib. Həmçinin, bank sektorunun xalis mənfəəti ötən illə müqayisədə, iki dəfə artıb. Bankların kredit qoyuluşu 11 faiz artıb”.

Paylaş

 Xəbəriniz olsun