Kitab yoxsa kompüter?

  • SpaceTV
  • 9 Sentyabr 2019 13:49

Space TV- İnsanın tarix boyu şüuru və  əli  ilə yaratdığı ən böyük sərvət – kitabdır. Müasir dövrdə kompüter texnologiyalarının inkişafı ilə kitab anlayışı öz əvvəlki mövqeyini bir qədər əldən versə də, o insanın ən sədaqətli dostu olaraq qalmaqda davam edir.

 Son dövrlər kitabxana, qiraətxana kimi maarifçilik ocaqlarının sayında artım müşahidə olunması sevindirici hal olmaqla yanaşı, kitaba rəğbətin artmasına dəlalət edən əlamətlərdir. Respublikamızın ikinci şəhərinin bu cür ocaqlarında da hər  gün neçə neçə gəncin  istər kitab, istərsə də kompüter ekranı arxasında öz bilik və dünyagörüşünü artırmaqla məşğul olduğunu müşahidə etmək mümkündür. O , da sevindirici haldır ki, bilik və dünyagörüşü mənbəyi kimi kitabın və ya kompterin daha önəmi rol oynaması haqda suallarımıza verdikləri cavablarında gənclər kitabsevərlik hisslərini nümayiş etdirdilər.

Yaxşı bəs kitab oxumaq insana nə verir? Kitablarda kitabı yazanların böyük təcrübəsi, biliyi, ideyaları, metodları, strategiyaları olur. 

Kitablar dünyagörüşünü formalaşdırır-düzgün kitab oxumaqla insan tədricən dünyagörüşünü formalaşdırır, dünyaya baxışını genişləndirir və dərinləşdirir, təfəkkürünü inkişaf etdirir, düşünmək və analiz etmək bacarığını artırır.

Kitab oxumaqla hansısa bir obrazın qismində özünə ideal tapa bilirsən, bu obrazı real həyatda yaşamağa çalışırsan.

Kitab oxumaqla siz bir çox suala cavab tapa bilərsiniz. Sizden öncə yüzlərlə, minlərlə insan sizin yaşadığınızı təcrübədən keçirmiş ola bilər. Odur ki, onların həyat təcrübəsini oxumaq sizin köməyinizə gələ bilər. Onları oxumamaq axmaqlıq olar.

Kitab insana motivasiya verir, ruhlandırır, daha müsbət nəticələr əldə etməyə kömək edir. Kitablar bilmədiyimiz dünyaları bizə açır. Ağlının yeni tərəflərini sənə açır, əvvəl heç vaxt diqqət etmədiyin bacarıqlarını ortaya çıxarır.

Ən vacibi odur ki, müsir zəmanənin tələbi olan geniş elektron resurslardan səmərəli faydalanmaqla, insanın bütün zəmanələrdə daimi dostu olan kitabla əlaqələri qırmayasan. Çünki kitab insanın sosioloji bir varlıq kimi cəmiyyət ilə ünsiyyət qabiliyyətini birbaşa formalaşdıran ən vacib amillərdən biridir.

Kompüter-internet resursları, mətbuat, televiziya və digər kütləvi informasiya vasitələri ilə yanaşı, bəşəriyyətin klassik bir sərvəti olan kitab bizim şüurumuza və hissiyyatımıza təsir etməkdə davam edirsə, deməli Dünya necə deyərlər,  “öz oxu ətrafında fırlanmaqda” davam edir.

Zakir Muradov, Nazim Quliyev, Gəncə 

Paylaş

 Xəbəriniz olsun