Kiçik quş parkı

  • SpaceTV
  • 8 Noyabr 2019 13:59

Tovuzquşu, qızılqaz, qırqovul, mandarin və karalin ördəkləri, sultan toyuğu… Buranı kiçik quş parkı da adlandırmaq olar. Abbas kişi illərdir bu quşları bəsləməklə məşğuldur. 50 ildən çoxdur ki, meylini quşlara salaraq onlarla nəfəs alan Abbas Abbasov Lənkəran rayonunun Liman şəhərində yaşayır. Onu yaratdığı rəngarəng təsərrüfatda dünyanın müxtəlif ölkələrindən gətirilən quşlara rast gəlmək mümkündür.

Abbas dayının kiçik zooparkında 300-ə yaxın 30 növdə olan müxtəlif cinsli quşlar var. Bu quşların içərisində ən kiçiyi bildirçin sayılır ki, onun da çəkisi 50 qram təşkil edir. Təsərrüfat sahibi quşların yemlənməsinənə qədər çətin olsa da, xüsusi diqqət göstərir. “Qırmızı kitab”a düşən nadir canlıları bəsləmək və saxlamaq elə də asan başa gəlmir. Ev quşlarının içərisində ən çox maraq doğuran isə ayam çemani adlı qara toyuqlardır.

Quşları görmək, onlarla tanış olmaq üçün təkcə Lənkərandan, ətraf rayonlardan  deyil, eyni zamanda respublikanın hər bir bölgəsindən qonaqlar gəlir. Abbas Abbasov bu quşları satmaq, biznes qurmaq üçün saxlamadığını, bu quşları yemləmək və saylarını artırmaqla rahatlıq tapdığını bildirir. Ən böyük arzusu isə zoopark yaratmaqdır.

Quşbaz Abbas kişi eyni zamanda ömrünün böyük bir hissəsini quşların tədqiqatına həsr edib. Dünyanın bir sıra ölkələrində Yaponiya, Kanada, İspaniya, Rusiya, İndoneziya, Moskva və bir çox ölkələrdə flora və fauna ilə bağlı seminar və konfranslarda iştirak edib.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun