Keyfiyyətli və dadlı kartof -FOTO

  • SpaceTV
  • 6 Sentyabr 2019 14:58

Kartof torpağı çox daşlı, qumlu və çox əhəngli torpaqlar istisna olmaqla, demək olar ki, bütün növ torpaqlarda yetişir. Optimal məhsuldarlıq üçün torpağın keçiriciliyi yüksək, pH göstəricisi 6.0-6.5, orqanik maddələrlə zəngin və dənəvər olması vacibdir. Qrunt suyu səviyyəsi yuxarı olan və duzlu torpaqlarda kartof əkini aparmaq məsləhət görülmür.

Mülayim və mülayim-sərin iqlim bölgələri onun inkişafı və məhsuldarlığı üçün uyğun hesab olunur. Kartof yumurları aşağı dərəcəli temperaturlar səviyyələrinə qarşı həssasdır. 0 C temperatur və ya ondan aşağı olanda, kartofun bitkisinin yumrularını və digər orqanlarını don vura bilər. İnkişaf müddətində 300-400 mm yağıntı bu bitki üçün yetərli hesab olunur.

Kartof təsərrüfat gübrəsini sevən bitkidir və eyni zamanda azotlu gübrələrə olduqca böyük tələb duyur. Amma aqronomun nəzarəti olmadan tətbiq olunan azot gübrəsi izafi miqdarda olduqda vegetativ inkişafı ləngidir və məhsuldarlıq aşağı düşür.

Yardımlıda yetişdirilən kartof keyfiyyəti və dadı etibarı ilə qonşu rayonların məhsullarından fərqlənir. Space TV -nin bölgə müxbiri məlumat verir ki, hazırda fermerlər çəkdikləri zəhmətin bəhrəsini əkin sahələrindən yığmaqla məşğuldurlar.

Coğrafi cəhətdən dağlıq ərazidə yerləşən Yardımlıda əhalinin əsas məşğuliyyətlərindən biri də kartofçuluqdur. Rayonun dağlıq ərazilərində dəmyə şəraitində yetişdirilən kartofun məhsuldarlığı bir qədər aşağı olsa da, dadına və keyfiyyətinə görə daha üstündür. Məhz buna görə də dağ kartofuna tələbat daha yüksəkdir. Paytaxtdan və ətraf rayonlardan da Yardımlı kartofunun alıcısı çoxdur.

Vaxtında suvarılma və sağlam torpaq seçməklə daha böyük nəticələr əldə etmək olar. Fermerlər dövlət qayğısı nəticəsində təsərrüfatlarını son illərdə bir neçə dəfə genişləndirə biliblər. Gələcəkdə təsərrüfat sahibləri əkin sahələrini daha da artırmaq niyyətindədirlər.

Qiymətlərə gəldikdə isə fermerlər deyir ki, onları da alıcılar kimi qiymətlər qane edir. Təsərrüfat sahibləri hətta çox vaxt 1 ay ərzində bütün məhsullarını satıb qurtara bildiklərini qeyd edirlər.

Rövşən Almazoğlu Space Yardımlı

Paylaş

 Xəbəriniz olsun