Karantin zamanı çöldə gəzintinin təhlükəsi nədən ibarətdir? – ŞƏRH

  • SpaceTV
  • 31 Mart 2020 14:55

COVID-19 pandemiyası şəraitində Azərbaycan infeksiyanın yayılmasının qarşısını almaq üçün xüsusi karantin rejimi tətbiq etmək məcburiyyətində qalıb. Martın 24-də tətbiq olunan tədbirlər və məhdudiyyətlər siyahısına 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qadağa da daxildir.

Nazirlər Kabineti yanında operativ qərargah əhalini evdə qalmağa çağırıb. #Evdeqal həştəqi ilə aksiya başlayıb. Məntiq sadədir: insanlar arasında daha az təmas – daha az infeksiya. Prinsipcə, eyni metoddan bütün dünyada istifadə olunur.

Azərbaycanda dünənə qədər çölə çıxmamaq tövsiyə xarakteri daşıyırdı. Lakin əhalinin bir hissəsi qeyri-ciddi və məsuliyyətsiz şəkildə karantin tədbirlərinə, tövsiyələrə əməl etmir. Bu fakt, koronavirus infeksiyasına yoluxanların sayının artması ilə yanaşı, ölkədə COVID-19-un yayılmasının qarşısını almaq üçün əlavə tədbirlərin həyata keçirilməsinə səbəb olub. Bu gündən etibarən Azərbaycan sakinlərindən evlərində və mənzillərində qalmaları tələb olunur.

Martın 31-dən başlayaraq, insanlar yalnız təcili tibbi yardım lazım olduqda, həyatı və sağlamlığı üçün birbaşa təhlükə yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə və ictimai xidmət obyektlərinə getmək, məişət tullantılarını çıxarmaq, habelə xüsusi şərtlərdə fəaliyyət göstərən təşkilatlarda rəsmi vəzifələrini yerinə yetirmək üçün çölə çıxa bilərlər.

Evin ətrafında adi bir gəzintinin yarada biləcəyi təhlükəni anlamaq üçün SPACE TV terapevt-hepatoloq Zaur Orucova sualla müraciət edib.

“Tətbiq olunan tədbirlərlə tamamilə razıyam. Belə zamanda evdə qalmaq və ehtiyac olmadan çölə çıxmamaq daha yaxşıdır. Ümumdünya Səhiyyə Təşkilatının saytı və bir çox digər əlaqəli mənbələr virusun praktiki olaraq, hava yolu ilə ötürülmədiyini açıq şəkildə bildirirlər. Simptomları olmayan insanlardan yoluxma riski də cüzidir.

Nəzəri olaraq, digər insanlardan iki metr məsafədə gəzsəniz, virusla çirklənmiş qapı tutacaqlarına və digər səthlərə, üzünüzə toxunmursunuzsa, təhlükə yoxdur. Son şərt ən çətinidir. Mübaliğəsiz, gündə yüz dəfə üzümüzə toxunuruq. Bu, bir vərdişdir. Həm də müxtəlif səthlərə çox tez-tez toxunuruq. Beləliklə, nəzəri olaraq gəzinti təhlükəsiz ola bilər, amma təcrübədə həyata keçirmək və nəzarət etmək çətindir. Xüsusilə, uşaqlarla gəzəndə.

Kəndlərin, kiçik yaşayış məntəqələrinin sakinləri, həyət evləri olanların bəxti gətirib. Ancaq onlar da sayıqlıqlarını itirməməlidirlər. Buna görə, ümumi tövsiyə dəyişməz olaraq qalır – zəruri olduqda, mümkün qədər az hallarda çölə çıxmaq olar”, – deyə Z.Orucov bildirib.

Çöldə hər dəfə səthlərə toxunduğumuz zaman əlimizi dezinfeksiya etməyimiz, təhlükəsizlik tədbirləri ilə bağlı suallara cavab verən həkim bunları deyib:

“Əlbəttə ki, sizinlə birlikdə sanitar vasitələriniz olmalıdır və hər səthə toxunduqdan sonra onlardan istifadə etməlisiniz. Maskaya gəldikdə, olması daha yaxşıdır. Xüsusilə, yaxınlıqda biri asqırır və ya öskürürsə.

O, eyvanda qalmağın oksigen qəbulu baxımından gəzintini əvəz etdiyi bildirib:

“Lakin hərəkət baxımından bunun az, psixoterapevtik yöndən isə heç təsiri yoxdur. D vitamini almaq üçün səhər günəş altında olmaq lazımdır. İstər eyvan, istərsə də park olsun, fərqi yoxdur”, – deyə Z.Orucov sözlərini yekunlaşdırıb.

Paylaş

 Xəbəriniz olsun