“Karantin rejimi toy və yas mərasimlərinin formasını dəyişmək üçün yaxşı fürsətdir” – Millət vəkilindən TƏKLİF

  • SpaceTV
  • 2 May 2020 10:49

Azərbaycanda tətbiq edilən karantin rejimi yenidən mayın 31-ə kimi uzadılıb. Koronovirus (COVID-19) pandemiyası bir çox sahələrdə olduğu kimi, toy və yas mərasimlərinin keçirilməsinə də təsirsiz ötüşməyib. İndi insanlar məcbur qalaraq bu mərasimləri əvvəlki qaydada bir yerə toplaşaraq, israfçılıqla kütləvi şəkildə qeyd edə bilmirlər.

SPACE TV  xəbər verir ki, bu məsələyə isə fəqli yanaşmalar mövcuddur. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov israfçılğın əleyhinə olanlardandır.Deputat bildirib ki, əslində karantin rejimi günləri toy və yas mərasimlərinin keçirilmə formalarını yenidən düşünmək, israfçı əməllərdən uzaq olmaq üçün yaxşı fürsətdir:

“Bu gün cəmiyytəin bir kəsimi bu mərasimlərin keçirilmə formasından narazıdır. Ölü yiyəsi bilmir dəfnlə məşğul olsun, yoxsa yas mərasiminin təşkili, onun keçirilməsi üçün məkanın axtarışı, və ya ərzaq tədarükü ilə.

Bəzən, insanlar məcburiyyət qarşısında qalaraq, borc-xərc edib yas mərasimlərini təmtəraqla keçirməyə çalışırlar. Bir sıra hallarda vəfat etmiş şəxsin qoyub getdiyi mal-dövlət yas mərasimlərinin keçirilməsinə sərf olunur və bu da sonradan onun arxada qoyub getdiyi şəxslərin çətinlik və sıxıntı içində yaşamalarına səbəb olur. Əslində həmin insanlar bu vəsaitləri digər vacib məqsədlər üçün istifadə edə bilərdilər.

Ancaq insanların çoxu el qınağına tuş gəlməkdən qorxaraq etirazlarını bildirə bilmirlər. Zaman-zaman Azərbaycan cəmiyyətində bu mövzuda çox müzakirələr aparılıb, deputat həmkarlarımızdan da bu məsələni bir neçə dəfə qaldıranlar olub. Ancaq nəticəsi olmayıb, qabağa düşmək istəyən olmayıb. Əksəriyyət camaat nə deyər qınağından çəkinib. Nəticədə isə illərdir insanların malı və pulu israf olunur”.

Millət vəkili deyir ki, bu mərasimlər İslam ənənələrindən çoxdan kənara çıxıb:

“İslama görə dünyasını dəyişən insan üçün 3 gündən artıq yas saxlanılmamalı, təmtərağa və israfçılığa yol verilməməlidir. Ərəb cəmiyyətlərinə yaxından bələd olan bir insan kimi deyə bilərəm ki, ərəb ölkələrinin özündə belə bu cür təmtəraqlı yas ənənələri mövcud deyil”.

Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda toy mərasimləri də yas mərasimlərində geri qalmır, çoxdan əndazədən çıxıb:

“İnsanlar toyda istirahət etmək və dincəlmək əvəzinə, bir sıra hallarda əsəb və gərginlik keçirirlər. Bir tərəfdən yüksək musiqi səsi, digər tərəfdə yeməkdə israfçılıq insanları təngə gətirib. Yenə də heç kim qabağa düşərək qınağa tuş gəlmək istəmir. Nəticədə isə cəmiyyət eyni adət-ənənələrlə həyatnı davam etdirir”.

Bəs vəziyyətdən çıxış yolu nədir? Bu israfçılığa son qoymaq üçün nə etməliyik?

Deputat bu suallara belə cavab verib:

“Bu gün əslində həmin mərasimlərin yüngülləşdirilməsi və israfdan uzaq keçirilməsi üçün yaxşı bir fürsət yaranıb. Artıq bir sıra keçmiş sovet respublikaları bu sahədə müəyyən qərar və qanular qəbul ediblər. Ancaq hər şeyi dövlətin edəcəyini gözləməməmli, cəmiyyətdə vətəndaş mövqeyi və ictimai qınaq da olmalıdır. Gün gələcək cəmiyyət usanıb bu ənənlərdən imtina etməyin yolları barədə daha çox düşünəcək. Ancaq bu, bir müddət çəkəcək və israfçılıq halları davam edəcək.

Yuxarıda qeyd etdiyimiz kimi, əslində hazırkı mərhələ problemdən çıxış yolu tapmaq və ciddi qərarlar qəbul etmək barədə düşünmək üçün yaxşı fürsətdir. Tam imtina olmasa da, hazırkı dövrdə yüngülləşməyə getmək insanların yükünün azaldılmasına böyük kömək ola bilər. Bu isə daha çox cəmiyyətdən asılıdır”.

Paylaş

 Xəbəriniz olsun