Kanal yenidən qurulur

  • Space TV
  • 21 Avqust 2020 16:24

Ağsuda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Qazanarxı adlanan kanalın yenidən qurulması üzrə layihənin ikinci mərhələsi həyata keçirilir.

     Layihənin icrası Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyətinin sifarişi ilə “Tikinti-Quraşdırma  ANTB”  QSC tərəfindən yerinə yetirilir. Spacetv.az-ın məlumatına görə,  mövcud Qazanarxı kanalının qurğularla birlikdə yenidən qurulması rayonun Ərəbuşağı, Ağabəyli,  Aratlı-Curuğlu, Çaparlı, Rəhimli, Gəyəli, Bico, Qəşəd, Ləngəbiz, Daşdəmirbəyli kənd bələdiyyələrinin 5918 hektar, habelə Şamaxı rayonunun 1082 hektar, ümumilikdə 7000 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsini suvarma suyu ilə təmin edəcək. Hazırda Ağsu şəhərindən  2,6 kilometr şimalda Ağsuçayda işlər sürətlə davam etdirilir. Hidrotexniki qurğular üzrə mühəndis Vəli Abdullayev  bildirib ki, indi burada baş sugötürücü qurğu inşa olunur. Saniyədə 5 kub sugötürmə qabilliyyəti olan qurğudan su 10,9 kilometr beton kanalla, kanaldan isə 645 metr yığma dəmir boru ilə gedəcək. Habelə 450 metr kanal  Cavanşir gölünün qidalandırılmasını təmin edəcək.

     Baş sugötürücü qurğular üzrə 11 şlüzün, sudurulducu qurğunun, lilötürücü kanalın, istiqamətləndirici 4 dambanın, səviyyəqaldırıcı praktik profilli suaşıran qurğunun tikintisi başa çatıb. Ərazidə nəzarətçi məntəqənin də inşası yekunlaşıb. Ümumiyyətlə, baş sugötürücü qurğuda işlərin 90 faizi yekunlaşıb.

     Qeyd edək ki, Qazanarx kanalının yenidən qurulması üzrə ikinci layihənin icrasında 45 nəfər işçi qüvvəsi, 20-yə yaxın müxtəlif təyinatlı texnika işləyir. Layihənin tam icrası 2023-cü ildə başa çatacaq.

Vahid  Fəxri,  Spacetv.az

Paylaş

 Xəbəriniz olsun