Kanadanın neft-qaz şirkəti Azərbaycan bazarını tərk edir

  • SpaceTV
  • 25 Noyabr 2020 13:31

Kanadanın “Zenith Energy” şirkəti Azərbaycan bazarından çıxır.

Spacetv.az-ın əldə etdiyi məlumata əsasən, şirkət bu barədə rəsmi sənəd yayımlayıb.

“Zenith Energy” Azərbaycan ərazisində yerləşən “ZEN-260” qazma qurğusunu və eləcə də, köməkçi qazma qurğularını müvəffəqiyyətlə xaricə nəql etdiyini açıqlayıb.  

Hazırda şirkət Konqo və Tunis Respublikasında neft və qaz hasilatı, həmçinin, kəşfiyyat fəaliyyətləri ilə bağlı planlaşdırmalar aparır. Bu istiqamətdə Azərbaycandan nəql edilən texniki vasitələr dərhal daşınmaya hazır vəziyyətdə anbarda saxlanılır.

Bildirilib ki, “A-80” köməkçi qurğusu şirkətə Azərbaycanda fəaliyyətə başladıqdan sonra pulsuz olaraq SOCAR tərəfindən təmin edilib. 25 iyun 2020-ci ildə elan edilmiş Sahənin Reabilitasiya Müqaviləsinin başa çatması ilə əlaqədar köməkçi qurğu SOCAR-a təhvil verilib.

Xatırladaq ki, bundan əvvəl şirkət Azərbaycandakı neft yataqlarında həyata keçirdiyi qazma və kəşfiyyat əməliyyatlarına yekun vurduğunu bildirib.

Neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə əsasən həyata keçirdiyi işlərə yekun vuraraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR ilə müqaviləsinə xitam verib.

Qeyd edək ki, SOCAR və “Zenith Aran Oil Company Limited” şirkətləri arasında “Muradxanlı”, “Cəfərli” və “Zərdab” neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 2016-cı ilin mart ayının 16-da imzalanıb.

Paylaş

 Xəbəriniz olsun