Kamran İmanov əqli mülkiyyətlə bağlı beynəlxalq tədbirdə çıxış etdi – FOTO

  • SpaceTV
  • 24 Sentyabr 2020 16:15

“COVID-19 pandemiyası bütün sosial institutlara toxunub, sabit əlaqələri sarsıdıb, yeni ünsiyyət və qarşılıqlı əlaqə formalarını qəbul elətdirib, ən acınacaqlısı isə, öz əməyi ilə mədəniyyət və sivilizasiyaların dəyərlərini yaradan çox sayda insanın həyatını alıb”.

Spacetv.az xəbər verir ki, bu sözləri Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) üzv-dövlətlərinin Assambleyalarının 61-ci sessiyasında Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov deyib. 

Sessiya 21-25 sentyabr tarixlərində İsveçrə Konfederasiyasının Cenevrə şəhərində keçirilib. COVID-19 infeksiyası ilə əlaqədar tədbirdə Azərbaycanı Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun rəhbərlik etdiyi nümayəndə heyəti onlayn rejimdə və Azərbaycan Respublikasının Cenevrədəki BMT və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin əməkdaşları, o cümlədən səfir Vaqif Sadıqov fiziki olaraq təmsil edib. 

K.İmanov çıxışında qeyd edib ki, dünya dəyişir və bəzən dəyişikliklərin dialektikası tamamilə gözlənilməz fors-major şəraitin seytnot vəziyyətində mühüm qərarların qəbul edilməsini diktə edir.

O, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə ifadə etdiyi “Biz birlikdə pandemiyaya qalib gələcəyik” fikrini xüsusilə vurğulayıb. 

Agentliyin əsas məqsədinin ölkə rəhbərliyi tərəfindən həyata keçirilən iqtisadi islahatların təşviq edilməsi olduğunu, əqli mülkiyyətin iqtisadi artımın fəal iştirakçısına çevrilməsini vurğulayan K.İmanov ölkəmizdə patent fəaliyyətini sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək məqsədilə yeni rəqəmsal xidmətlər tətbiq edildiyini, rəqəmsal əqli mülkiyyət hüquqlarının qorunması üçün yeni sistemlərin hazırlandığını bildirib. 

Vaqif Sadıqov Qoşulmama Hərəkatının (QH) 116 üzv-dövləti adından çıxış edərək, ÜƏMT-nin İnkişaf Gündəliyinin nəzərdə tutduğu 45 tövsiyənin səmərəli icrası, o cümlədən yaradıcılıq və innovasiyanın təşviq edilməsi vasitəsilə inkişaf etməkdə olan ölkələri narahat edən məsələlər, xüsusilə üzv dövlətlər üçün qabaqcıl texniki dəstəyin səfərbər edilməsi üzrə işlərin davam etdirilməsində QH üzv-dövlətlərinin öhdəliklərini təsdiqlədiyini bildirib.

Paylaş

 Xəbəriniz olsun