Kəndin dinc sakinləri atəşə tutulub – VİDEO

  • Space TV
  • 27 Avqust 2020 13:31

Hər zaman olduğu kimi, xaincəsinə təxribatlara əl atan və yaşayış məntəqələrini atəşə tutan Ermənistan silahlı qüvvələrinin bölmələri ötən gün səhər saat 05.00 radələrində işğal olunan ərazilərimizdəki mövqelərdən Tərtər rayonunun Qapanlı kəndini pulemyot və snayper tüfənglərindən atəşə tutublar. Space TV-nin məlumatına görə, atılan güllələr kənd sakini Zülfüqar Bəhmən oğlu Quliyevin evinə dəyib, mənzilin pəncərə şüşələrini sındırıb. Zülfüqar Quliyev deyir ki, düşmən kəndi mütəmadi atəşə tutur: “1994-cü ildə düşmənin atdığı “Qrad” mərmisinin evimizə düşməsi nəticəsində atam yaralandı, bir müddət sonra isə dünyasını dəyişdi. 2016-cı ilin aprel ayında kəndimiz növbəti dəfə atəşə tutulanda həyətimizə yenidən top mərmisi düşdü”.

Ötən gün səhər saat 5-ə işləmiş düşmən kəndi  yenidən atəşə tutmağa başlayıb. Güllənin biri evimizin pəncərəsini qıraraq otağın divarına dəyib.

Qeyd edək ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ən çox zərər çəkən yaşayış məntəqələrindən biri Tərtər rayonunun Qapanlı kəndidir. Təmas xəttinin bir neçə yüz metrliyində yerləşən kənddə düşmən atəşindən zərər çəkməyən demək olar ki, ev qalmayıb. Lakin buna baxmayaraq kənddə həyat öz axarı ilə davam edir. Buna səbəb isə kənd sakinlərinin dövlətimiz tərəfindən  hərtərəfli qayğısı ilə əhatə olunması, əhalinin yurda, torpağa olan bağlılığı,  Azərbaycan ordusuna və Ali Baş Komandana olan böyük inamıdır.

Paylaş

 Xəbəriniz olsun