Kəlbəcərə 27 il əvvəl tərk etdiyi maşınla dönəcəklər – VİDEO

  • SpaceTV
  • 21 Oktyabr 2020 13:28

Yoxuşlu – enişlı Kəlbəcər yolları. 1993-cü il düşmən Kəlbəcəri işğal edərkən bu rayondan olan   bir ailə, daha doğrusu Alıyevlər ailəsinin 4 üzvü mənfur düşmənin  caynağından bu maşının köməkliyi ilə qurtula bilmişdi. Aliyevlər ailəsi 27 il həsrətdən sonra müzəffər ordumuzun işğaldan azad edəcəyi  əzəmətli Kəlbəcərə  elə  bu maşınla dönəcək.

İşğaldan azad olunan ərazilərimizin miqyası genişləndikcə, Qarabağla bağlı ümidlər gerçəkləşdikcə 1992-93 cü ildə qaçqın və məcburi köçkün düşən ailələrin də arzuları artır. Kimi illərdir qoruyub saxladığı evinin açarlarını, kimi mənzilinin özü ilə gətirdiyi sənədlərini saxlanc yerlərindən çıxararaq doğma torpağının  düşmən tapdağından xilas olması xəbərini gözləyir. Kəlbəcərdən olan Aliyevlər ailəsi isə doğma yurd yerinə 27 ildir qoruyub saxladıqları “Qaz-69” markalı avtomobillə  dönəcəyi günü gözləyir.

Rəşad Əlizadə deyir ki, babasından anasına çehiz olaraq verilən bu avtomobil  ailələrinin bir parçasına  çevrilməklə yanaşı 27 il ərzində ancaq Kəlbəcərdə yaşadıqları ağrılı-acılı günləri də onlara xatırladıb. Hər küncündə Qarabağ həsrəti olan nəqliyyat vasitəsi 1961-ci ilin istehsalıdır və hazırda maşın istifadəyə yararsız vəziyyətdədir

Artıq sosial şəbəkələrdə istismara yararsız olan avtomobilin  təmir edilməsi üçün könüllür tərəfindən aksiya da başladılıb və qısa zaman ərzində bir neçə təmir şirkəti maşının tam təmir edilməsini öz üzərinə götürüb

Rəşad Əlizadənin 80 yaşlı nənəsinin isə bir arzusu var: Kəlbəcərdən didərgin düşərkən onları xilas edən “Qaz-69”la yenidən Kəlbəcərə geri dönmək.

Artıq hər gün cəbhədən gələn şad xəbərlər, işğaldan azad olunan torpaqlarımızın qələbə soraqları Kəlbəcərə gedəcəyimiz  o günü bizə daha da yaxınlaşdırır.

Paylaş

 Xəbəriniz olsun