İtkin düşmüş məktəbli meşədən tapıldı

  • SpaceTV
  • 24 Oktyabr 2019 16:14

Dünən günorta saatlarında Bəliton kənd tam orta məktəbinin şagirdi dərsləri bitdikdən sonra həmişəki kimi sinif yoldaşlarıyla evə gedirmiş. Məktəbdən təxminən 1400 metr uzaqlıqda yerləşən yaşadığı Horavenc kəndinin girəcəyində isə dostlarından ayrılıb və çay içi yolla getməyə başlayıb. Nəticədə azaraq meşəlik ərazidə 10 km-dən çox yol gedib.  6 yaşlı Əli Muradovun vaxtında evə qayıtmaması valideynlərini və kənd sakinlərini bir neçə saatdan sonra hərəkətə gətirib. Məsələ ilə bağlı dünən axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. İtkin düşmüş azyaşlının  tapılması üçün Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin və Rayon polis şöbəsinin əməkdaşları axtarışlara cəlb olunub. Axtarış-xilasetmə tədbirləri nəticəsində  Əli Muradov məktəbdən təxminən 15 km uzaqlıqda, “Hirkan Milli Parkı” yaxınlığında yerləşən Havzava kəndi ərazisindəki meşəlikdə tapılıb. O, təcili tibbi yardım maşını ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Uşağın vəziyyətinin normal olduğu bildirilir.Hazırda xəstəxanada həkim nəzarəti altında saxlanılır.

Rövşən Almazoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun