İtaliyadakı təbii fəlakətlər turizm gəlirlərini azaldır

  • Space TV
  • 23 Noyabr 2019 13:53

2019-cu il İtaliya üçün turizm baxımından elə də uğurlu olmayıb və son hadisələr də bu uğursuzluğu davam etdirir.

SPACE TV  xəbər verir ki, İtaliyanın ən çox turist qəbul edən şəhərlərindən olan Venesiyanı sel basandan sonra bura gələnlərin sayı kəskin azalıb.

Şəhərin meri Luidji Brunyaro açıqlamasında bildirib ki, turistlər şəhərin əsas gəlir mənbəyidir və seldən yaranan fəsadların nəticələri tezliklə aradan qaldırılmasa ciddi problemlər yaranacaq.

Uğursuzluqlar İtaliyanı yaydan bəri təqib edir. Belə ki, ötən yay həddindən artıq isti və quraq keçdiyi üçün şəhərlərdə gəzmək qeyri-mümkün olub. Şəhər bələdiyyələri turistlərə küçələrdə pulsuz su paylasa da, bu vəziyyəti dəyişə bilməmişdi. İtaliya turizmi yalnız çimərlik ərazilərində yüksək səviyyədə qalmışdı.

Hazırda ölkənin qış turizmi sahəsində ixtisaslaşmış ərazilərində də uyğun şərait yoxdur. Havalar isti keçdiyi üçün süni qar aparatları belə çatdıra bilmir.

Dünya Turizm Təşkilatının rəsmi məlumatına əsasən, İtaliyaya ötən il 62 milyon turist gəlib. Bununla ölkə turist sayına görə Fransa, İspaniya, ABŞ və Çindən sonra 5-ci yeri tutub. Qonaq sayının azalması isə İtaliya iqtisadiyyatına ciddi zərbə vuracaq.

Paylaş

 Xəbəriniz olsun