İtaliyada dəfni üçün yer tapılmayan azərbaycanlı uşaq bir ay sonra basdırıldı

  • Space TV
  • 17 Fevral 2021 16:41

İtaliyanın Lombardiya əyalətinin Pavia şəhərində anası ilə qaçqın düşərgəsində yaşayan səkkiz yaşlı azərbaycanlı Emil faciəvi şəkildə vəfat edib. Autizmdən əziyyət çəkən uşaq ehtiyatsızlıq səbəbindən gödəkcə ilə özünü boğaraq öldürüb.

Spacetv.az “Il Giorno Pavia” nəşrinə istinadən xəbər verir ki, ölən azyaşlının anası müsəlman qəbiristanlıqlarında yer verilmədiyi üçün uzun müddət onu dəfn edə bilməyib.

Nəşr əyalətin yalnız Pavia və Vicevano şəhərlərində müsəlman qəbiristanlığının olduğunu yazır. Pavia şəhərində qəbiristanlıqda artıq yer qalmadığı və Vicevanodakı qəbiristanlıqda isə yalnız bu şəhərdə anadan olan və ya orada yaşayanların dəfn oluna biləcəyi bildirilib.

Qəzetin yazdığına görə, daha sonra azyaşlının cəsədi qonşu Cremona şəhərinə aparılıb və orada ölümündən təxminən bir ay sonra, 16 fevralda dəfn edilib. Bu hadisə İtaliya ictimaiyyətində geniş rezonans doğurub və hazırda Pavia şəhərinin rəhbərliyi müsəlmanların dəfn edilməsi problemini həll etməyə başlayıb.

“Kiçik Emilin ölümündən ürəyim ağrıdı. Belə hadisə bir daha təkrarlanmamalıdır”, – deyə qəbiristanlıq xidmətinin müşaviri Barbara Longo azərbaycanlı uşaqla bağlı hadisəni şərh edərkən bildirib.

Onun sözlərinə görə, şəhər indi Fossarmatoda kommunasında müsəlmanlar üçün yeni qəbiristanlıq açmağı planlaşdırır.

Paylaş

 Xəbəriniz olsun