İtaliya Azərbaycan qazının tədarükü nəticəsində ilkə imza atıb

  • Space TV
  • 8 Fevral 2021 17:43

İtaliya Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə tədarük edilən Azərbaycan qazı ilə ilk dəfə təbii qaz ixracını həyata keçirib.

Bu barədə İtaliyanın media qurumu “La Repubblica” məlumat verib.

Bildirilib ki, köhnə qitənin bütün ölkələrini birləşdirən boru kəmərinin işə düşməsi ilə ilk dəfə olaraq İtaliya qonşu ölkələrə qaz ixrac edib. Bu ixrac son iki həftə ərzində baş tutub.

Belə ki, Fransaya ilk dəfə 23-24 yanvar tarixlərində 24 milyon kubmetr, ikinci dəfə 30 və 31 yanvar tarixlərində 12 milyon kubmetr qaz ixrac edilib, daha sonra isə 4 milyon kubmetr qaz İsveçrə bazarına satılıb.

Məlumatda qeyd edilib ki, bu, İtaliya üçün Avropa enerji bazarında görülməmiş bir hadisə kimi səciyyələndirilsə də, gözlənilməz bir hal deyildi. Trans Adriatik Boru Kəmərinin (TAP) kommersiya fəaliyyətinə başlaması ilə İtaliya qaz tədarükünü artırıb və bununla da mavi yanacağın ixracını həyata keçirilməsi üçün imkan əldə edib.

Qeyd edək ki, TAP-ın kommersiya fəaliyyətinə keçid etməsi ilə Azərbaycan Avropa bazarına ilkin mərhələdə 10 milyard kubmetr, daha sonra isə 20 milyard kubmetrə qədər qaz nəql edəcək.

Boru kəməri vasitəsilə Bolqarıstan qaz tələbatının 30 faizini, Yunanıstan qaz tələbatının 20 faizini və İtaliya isə qaza olan tələbatının təxminən 10 faizini təmin edəcək.

TAP-da BP 20 faiz, SOCAR 20 faiz, “Snam S.p.A” 20 faiz, “Fluxys” 19 faiz, “Enagas” 16 faiz və “Axpo” 5 faiz paya sahibdirlər.

Paylaş

 Xəbəriniz olsun