İstismar müddəti bitən liftlər – VİDEO

  • Space TV
  • 14 Sentyabr 2020 14:51

Paytaxtda hazırda 2500-dən artıq istismar müddəti başa çatan lift var. Space TV xəbər verir ki, bu liftlərin əksəriyyəti hazırda vətəndaşların həyatı üçün təhlükə mənbəyi olaraq qalmaqdadır. Sakinlər özləri də  bunu təsdiqləyir. Son bir ildə paytaxtda çoxmərtəbəli binalarda köhnə liftlərin  yenilənməsi üçün ölkəyə 542 yeni, müasir lift gətirilib.

Son illər  hündürmərtəbəli binalarda quraşdılan ən müasir və    keyfiyyətli liftlər sakinlərin həm  rahatlğını, həm də təhlükəsiz hərəkətini təmin edir. Təəssüf ki, bu  sözləri bütün binalardakı liftlərə şamil  etmək  olmur. Bu gün də lift problemindən əziyyət çəkən   xeyli  sayda  vətəndaşımız var.

Paytaxtda  lift problemi yaşanan ərazilərdən  biri də Sabunçu rayonudur.  Rayon ərazisində  ötən əsrdə tikilən 9 və 7 mərtəbəli binaların əksəriyyətində  istifadə edilən liftlərin çoxu istismar müddətini başa vurub. Sabunçu rayonu Şamil Kamilov 15/17  və Gənclik küçəsi 25 a ünvanında yaşayan sakinlərin  lift probleminin kökü çox dərindir.

BŞİH-nin  Lift Təmir İstehsalat Birliyinin  Bakı Lift -2 idarəsinin rəis əvəzi Nuşirəvan Şahverdiyevin sözlərinə  görə,  Sabunçu, Suraxanı, Pirallahı, Xəzər rayonu da daxil olmaqla idarənin tabeliyində olan 1161 liftdən 935-i  artıq illərdir istismar müddətini başa vurub. Həmin liftlərin istismarı davam etdirildiyi üçün ildə 1 dəfə FHN-nin əməkdaşları tərəfindən texniki sazlığı yoxlanılır.

Qeyd edək ki, ötən il dövlət başçısı İlham Əliyevin Bakı şəhərində çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı imzaladığı sərəncamın icrası ilə əlaqədar Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyi tərəfindən bu sahədə çox böyük təcrübəsi olan və geniş texniki imkanlara malik Almaniyanın “Wittur Holding” şirkəti ilə müqavilə imzalanıb və 542 lift Bakıya gətirilib. Onlar paytaxtın müxtəlif rayonları üzrə bölünərək quraşdırılsa da, hələ də köhnə və qəzalı liftlərin olduğu yaşayış binalarının sayı yüzlərlədir. 

Paylaş

 Xəbəriniz olsun