İstehsalat qəzaları: usta binadan yıxılaraq ölüb

  • Space TV
  • 24 Avqust 2020 13:19

          İstehsalatda daha bir bədbəxt hadisə baş verib. Abşeron rayonu ərazisində tikintisi aparılan binadan yıxılan usta aldığı xəsarətlərdən dünyasını dəyişib. Təəssüflə demək olar ki, son illər  istehsalatda baş vermiş bədbəxt hadisələrin əksəriyyəti inşaat şirkətlərində qeydə alınır. Dövlət Əmək Müfəttişliyi tərəfindən aparılmış araşdırmalar zamanı təkçə ötən il istehsalatla əlaqəli hadisələr zamanı 63 nəfər ölüb.

Hər il neçə – neçə  insan təhlükəsizlik qaydalarına  riayət etmədiyi üçün ya bədbəxt hadisə nəticəsində dünyasını dəyişir,  ya da müxtəlif dərəcəli bədən xəsarətləri alır. İstehsalatla  əlaqəli  bədbəxt  hadisələrin əsasən tikinti, mədənçıxarma, emal, enerji, nəqliyyat və  başqa  sektorlarda baş verdiyi müəyyən edilir

Hadisə Abşeron rayonu ərazisində qaçqın və məcburi köçkünlər üçün salınan yeni massivdə qeydə alınıb. İlkin araşdırmalara görə, tikintisi aparılan yaşayış kompleksində usta işləyən 28 yaşlı Savalan İmamverdi oğlu Hüseynov suvaq işləri görərkən yıxılaraq aldığı xəsarətdən dünyasını dəyişib. Daxil olan məlumat əsasında dərhal   prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyidə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən də araşdırmalara aparılır. Xidmətin  müfəttişi deyir ki, istehsalatda baş vermiş bədbəxt hadisələrin  araşdırılması zamanı bir çox tikinti şirkətlərinin   işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti yaratmaması məlum olub.

Əmək Müfəttişliyi Xidməti tərəfindən verilən məlumata görə, ötən il ölkədə istehsalatla əlaqəli 247 bədbəxt hadisənin təhqiqatı aparılıb, 19-u qrup halında olan bu hadisələr nəticəsində 63 nəfər vəfat edib, 239 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bundan başqa təhqiqat nəticəsində 302 nəfər zərərçəkmiş şəxsə istehsalat zədəsi formalı aktın verilməsi təmin edilib.

Paylaş

 Xəbəriniz olsun